Accessibility links

Həbsdə olan İstanbul Universitetinin doktorantı 21 gündür aclığı davam etdirir


Fazil Qasımov (Mənbə: Sosial media)
Fazil Qasımov (Mənbə: Sosial media)

Həbsdə olan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 21 gündür aclığı davam etdirir.

Bu barədə vəkil Araz Nurməmmədov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Fazil Qasımovla görüşündən sonra Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Fazil Qasımov aclıq etməsinə baxmayaraq, ümumi kamerada saxlanılır.

“O, yalnız su qəbul edir. Halısızdır, çox zəifləyib. Buna baxmayaraq, aclığı davam etdirəcəyini bildirdi”, vəkil qeyd edib.

Bu arada vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib ki, iyunun 28-də Bakının Nərimanov Rayon Məhkəməsinin Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin etməməsindən apellyasiya şikayəti verib.

Rövşanə Rəhimli həmçinin Penitensiar Xidmətə Fazil Qasımovun müalicə müəssisəsinə küçürülməsi ilə bağlı müraciət etdiyini bildirib.

Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin Fazil Qasımovun sağlamlıq durumu ilə bağlı sorğusuna hələ cavab verməyib.

Fazil Qasımov işgəncəyə məruz qalmasına hüquqi qiymət verilməsi, barəsində açılan cinayət işinə xitam verilməsi və elmi fəaliyyətini davam etdirmək üçün Türkiyəyə qayıtmasına icazə verilməsi tələbi ilə iyunun 14-dən aclıq aksiyasına başlayıb.

Qasımov həmçinin həbsinə etiraz olaraq iyunun 25-də ictimaiyyətə müraciət edib.

“Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına ehtiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb. Ya Azərbaycan həbsxanasında yaxın zamanda aclıqdan öləcəm, ya da Sizlərin dəstəyi ilə azadlığa çıxıb İstanbul Universitetində elmi fəaliyyətimi dəvam etdirəcəm”, o qeyd edib.

O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Türkiyədə yaşayan iqtisadçı alim Fazil Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Sosial şəbəkələrdə Fazil Qasımovun həbsdə olan Qubad İbadoğluya qarşı qaldıılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilib.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Forum

XS
SM
MD
LG