Qərbi Azərbaycanın valisi Məhəmməd Sadiq Mötəmediyan bu günlərdə təhlükəsizlik qüvvələrinin bu vilayətdə terror təşkilatlarına bağlı 100 hücrənin müəyyən edildiyini və bu il ərzində 30 bombanın aşkar edilərək, zərərsizləşdirildiyini iddia edib.
Fars xəbər agentliyi bu barədə məlumat yayıb.
Mötəmediyan həmçinin bildirib ki, bu 3o bomba Ərbəin mərasimi üçün İraqa gedən zəvvarların yolunda aşkar edilib və zərərsizləşdirilib.
Qərbi Azərbaycan vilayətinin valisi bu vilayətdə İslam Respublikasının İsrailin xeyrinə casusluq etdiklərini iddia etdiyi 4 nəfərin həbs edilərək edam edilməsinə də işarə edib.
İranda parlament və Üləmalar məclisi seçkiləri yaxınlaşdığı bir vaxtda vali, vilayətin televiziya proqramında çıxış edərək, iddia edib ki, son bir il ərzində Qərbi Azərbaycanda 4 ton narkotik, 1000 silah və 58 min mərmi ələ keçirilib. O, həmçinin iddia edib ki, təhlükəsizlik qüvvələrinin tədbirləri Qərbi Azərbaycanı inkişaf yoluna çıxarıb və vilayətə investisiyaları artırıb.
İran ötən yanvar ayının 29-da İsrailin xeyrinə casusluq ittihamı irəli sürülən kürd azlığının 4 üzvünü edam edib.
Məhəmməd Sadiq Mötəmediyan Kirmanşah vilayətində anadan olub və İbrahim Rəisi vəzifəyə gəldikdən sonra Qərbi Azərbaycanın valiliyi vəzifəsinə təyin edilib.
O, təyin olunduqda milli fəallar və İran azərbaycanlılarının siyasi təşkilatları valinin yerli xalq arasından təyin edilmədiyini, eləcə də, onun Kəşfiyyat Nazirliyində uzun müddət fəaliyyət etdiyini tənqid etdilər.
Bundan əvvəl o, Cənubi Xorasan və Rəzəvi Xorasan vilayətlərinin valisi olub.
Forum