Ötən ilin 11 ayı ərzində Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub.
Bu barədə Amerikanın Səsinin sorğusuna cavabda Dövlət Statistika Komitəsindən bildiriblər.
Belə ki, 2022-ci ildə ölkədə cəmi 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınıb, amma 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub.
Yerli medianın məlumatına görə, son aylarda qızılcadan azı 7 nəfər ölüb.
Azərbaycan Səhiyyə Nazirliyi həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.
Nazirliyin məlumatında deyilir ki, 2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir.
"Yaranmış epidemioloji vəziyyətin təhlili göstərir ki, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir", məlumtda qeyd edilir.
Səhiyyə Nazirliyi vurğulayır ki, infeksiyanın yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib.
Forum