Accessibility links

Azərbaycan Səhiyyə Nazirliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırır


Azərbaycan Səhiyyə Nazirliyi həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.

Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, 2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir.

"Yaranmış epidemioloji vəziyyətin təhlili göstərir ki, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir", məlumtda qeyd edilir.

Səhiyyə Nazirliyi vurğulayır ki, infeksiyanın yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib.

"Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırır", məlumatda qeyd edilir.

Xatırladaq ki, son aylarda ölkədə qızılca xəstəliyinə yoluxma halları artıb. Müstəqil müşahidəçilər yoluxanların sayının yüzlərlə olduğu qənaətindədir. Yerli mətbuatın məlumatına görə, bundan öncə qızılcaya yoluxmadan azı 7 nəfər ölüb.

Report agentliyinin məlumatına görə, yalnız Cəlilabad rayonunda ötən ilin noyabrından bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub. Onlardan 182 nəfəri 18 yaşdan kiçik, 70 nəfəri isə 18 yaşdan böyüklərdir. Hazırda Cəlilabadda 55 aktiv xəstə müalicə olunur. Xəstələrdən 51 nəfər ambulator şəraitdə, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.

Forum

XS
SM
MD
LG