Accessibility links

HƏMAS İsrailin Qəzzaya hava zərbələri zamanı 14 nəfərin öldüyünü bildirib


İsrailin Fələstinin militant qruplaşmasına qarşı yeni hava hücumları və qurudan əməliyyatlarını həyata keçirdiyi bir vaxt HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi cümə axşamı İsrailin Qəzzaya hava hücumu nəticəsində 14 nəfərin həlak olduğunu bildirib.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin Qəzzanın cənubundakı Xan Yunisə etdiyi hücum zamanı ölənlər arasında 9 uşaq olub.

İsrail hücum barədə təfərrüatlı şərh verməyib. Lakin bildirib ki, Xan Yunisə hava hücumu zamanı bomba yerləşdirmək istəyən 3 militantı öldürüb. İsrail ordusunun dediyinə görə, onun quru qoşunları yaxınlıqdakı binada daha iki militantı məhv edib.

İsrail həmçinin cümə axşamı Livanın cənubundakı Hizbullah hədəflərinə yeni zərbələr endirdiyini və Livandan İsrailə doğru yeni trans-sərhəd raketlər atıldığını bildirib.

Raket hücumları Hizbullah lideri Həsən Nəsrullanın televiziya ilə çıxışında İsraili Livana hücuma qarşı xəbərdar etməsindən bir gün sonraya təsadüf edib.

"Əgər düşmən Livana qarşı müharibə aparmaq fikrinə düşsə, biz təmkinsiz, qaydasız və məhdudiyyətsiz döyüşəcəyik" - deyə, Nəsrullah bildirib.

O, şərhlərini Beyrutda HƏMAS-ın yüksək rütbəli rəsmisinin ölümünə səbəb olan pilotsuz təyyarənin hücumundan sonra verib.

İsrail məsuliyyəti birbaşa öz üzərinə götürməsə də, HƏMAS və bölgədəki təhlükəsizlik rəsmiləri Saleh Əl-Arurinin ölümünə səbəb olan hücumu İsrailə məxsus pilotsuz uçuş aparatı ilə əlaqələndirib.

HƏMAS-ın hərbi qanadlarından birinin təsisçisi olan Aruri qrupun İordan çayının qərb sahilində qoluna rəhbərlik edirdi. İsrailin Baş naziri Benyamin Netanyahu hələ oktyabrın 7-də HƏMAS-İsrail müharibəsi başlamamışdan əvvəl onu öldürməklə hədələmişdi.

İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea çərşənbə günü deyib ki, agentlik oktyabrın 7-də İsrailə hücumda iştirak edən hər bir HƏMAS üzvünü harada olmasından asılı olmayaraq ələ keçirəcək.

Forum

XS
SM
MD
LG