Taymaz Mehrəlibəyli bir neçə ailə üzvü ilə birlikdə noyabrın 16-da Şərqi Azərbaycan vilayətində yerləşən Culfa şəhərinin Qeydiyyat İdarəsi qarşısında piket keçirib.
Huntayın atası Taymaz Mehrəlibəyli bir neçə ildir ki, hüquqi baxımdan oğluna şəxsiyyət vəsiqəsi ala bilmək üçün bütün prosedurlardan keçib, lakin bütün səyləri indiyə kimi nəticəsiz qalıb.
Mehrəlibəyli ailəsinin bu etiraz toplantısı bu idarədən şəxsiyyət vəsiqəsi ala bilməmiş Huntayın altıncı doğum günündə baş tutub.
İdarənin qarşısında keçirilən bu etiraz aksiyasında Taymaz Mehrəlibəyli ən ibtidai haqqı olan övlada ad seçmə hüququndan məhrum edildiyini bildirib və deyib ki, “bu adı övladımıza seçməkdə israrlıyıq.”
Mehrəlibəyli ailə üzvləri həmin piketdə əllərində üzərində “Mənim adım Huntaydır”, “Uşaq adını seçmək vətəndaşlığın əsas hüquqlarından biridir” kimi şüarlar yazılan plakatlar tutublar. Onlar eləcə də, Huntayı 6-cı yaşını bu idarənin qarşısında etiraz əlaməti olaraq, ad günü tortu gətirərək qeyd ediblər.
Huntayın atası Amerikanın Səsinə müsahibəsində övladına şəxsiyyət vəsiqəsi verilməməsinin səbəbinin seçdikləri adın tamamilə türk olması ilə əlaqədar olduğunu irəli sürmüşdü.
Onun dediyinə görə, İran Qeydiyyat İdarəsi bu ada qarşı çıxmasını onun iranlı ad olmamasını səbəb kimi göstərir, lakin Mehrəlibəyli İranın təsdiqlənmiş adlar siyahısında, yunan da daxil olmaqla, bir çox qeyri-iranlı adların olduğunu irəli sürərək, Qeydiyyat İdarəsinin əsaslandırılmasının reallığı əks etdirmədiyni bildirir.
Eyni zamanda keçən həftə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən güneyli siyasi fəal Yürüş Mehrəlibəylinin qardaşı olan Taymaz Mehrəlibəyli Yürüş Mehrəlibəylinin dərhal azad edilməsini tələb edib.
Forum