Təbrizdə Qeydiyyat İdarəsinin Volkan adlı uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsinin ardından uşağın atası Rəhman Azərmirad məhkəmə prosesini davam etdirir.
Təbriz Ümumi və Hüquqi Məhkəməsinin 23-cü şöbəsi 12 may tarixli hökmdə “Volkan” adının yad ad kimi qəbul edildiyini və İranın və İslam mədəniyyətinə heç bir aidiyyəti olmadığını irəli sürərək, uşağın ailəsinin tələbini rədd etmişdi.
Rəhman Azərmirad ilkin məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət edib. Lakin Apellyasiya Məhkəməsi də həmin arqumentə əsaslanaraq, Volkanın valideynlərinin iddiasının etibarsız sayılmasına qərar verib.
Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 11-şöbəsi də, ilkin məhkəmənin hökmünü qüvvədə saxlayıb. Beləliklə Təbriz sakini olan azərbaycanlı ailə 5 aylıq övladlarına şəxsiyyət vəsiqəsi almaqdan məhrum qalıb. İranda Şəxsiyyət vəsiqəsi olmayan uşaqlar sosial xidmətlərdən, o cümlədən tibbi siğortadan məhrum qalır.
İranda hakimiyyətin vətəndaşların övladlarına ad seçməsinə müdaxiləsi, İran Azərbaycanında və İranın digər türklərin yaşadığı bölgələrində övladlarına türk adları seçmiş xeyli sayda valideynlərin də oxşar problemlərlə üzləşməsinə səbəb olur.