Təbrizdə dünyaya gələn azərbaycanlı körpə Elinə İran İslam Respublikasının Qeydiyyat İdarəsindən şəxsiyyət vəsiqəsi uşaq 5 aylıq ikən verilib. Elinin ailəsi uzun müddətli hüquqi prosesdən sonra vəkillərin köməyi ilə məhkəmənin müsbət rəyini qazanaraq, məhkəmə hökmü ilə övladına şəxsiyyət vəsiqəsi ala bilib.
Elin adı fars əlifbası ilə yazılan türk dili orfoqrafiyasında fars dilindən fərqli yazılır. Ölkənin Qeydiyyat İdarəsi digər türk adları kimi bu adın da qeydiyyata alınmasına və şəxsiyyət vəsiqəsinin verilməsinə mane olub.
5 aylıq məhkəmə çəkişməsindən sonra Nağızadə ailəsinin vəkilləri Təbriz Umümi və Hüquqi Məhkəməsinin işini qazanıb və həmin məhkəmə hökmü əsasında Təbrizin Qeydiyat İdarəsi şəxsiyyət vəsiqəsi verməyə məcbur qalıb.
İranda ailələrin övladlarına türk adları seçmək və məktəblərdə türk dilində təhsil almaq kimi hüquqlardan məhrum buraxılmasına baxmayaraq, son illər azərbaycanlıların türk mədəniyyətinə və dilinə marağı artıb. Belə ki, İranın türklərin çoxluq təşkil etdiyi vilayətlərində türk adları daha çox populyarlaşıb. Son illərdə övladlarına türk adları qoymaqda israrlı olduqları üçün uşaqlarına şəxsiyyət vəsiqəsi ala bilməyən ailələrin sayı da artıb.
İranın Qeydiyyatı İdarəsinin rəsmiləri azərbaycanlı ailələri müəyyən adlar siyahısında qeyd olunmuş adlardan birini seçməyi təklif edirlər.
Bəzi uşaqlar aylar və hətta illərcə şəxsiyyət vəsiqəsi olmadan qalır və sığorta kimi bir çox sosial xidmətlərdən məhrum olurlar. Hüquq müdafiəçiləri hökumətin ailələri müəyyən siyahıdan övladlarına ad seçmək məcburiyyətində buraxmasını insan hüquqlarının pozulması kimi qiymətləndirirlər.
İran Azərbaycanındakı bəzi milli fəallar da, İslam Respublikasının bu siyasətini assimilyasiya siyasətinin bir parçası kimi dəyərləndirir. Onlara görə, İslam Respublikası və ondan əvvəlki Pəhləvi rejimi İran Azərbaycanında bir çox şəhər, kənd və yerlərin adlarını türk dilindən farscya dəyişdirib. Onlar azərbaycanlı uşaqlara türk adlarının qoyulmasının qadağan edilməsini həmin assimilyasiya siyasətinin tərkib hissəsi adlandırırlar.
İranda bu nəzəriyyənin əleyhdarları da qadağan olunmuş adların qeyri-iranlı olmasına işarə edir və Qeydiyyat İdarəsinin bu hərəkətini dəstəkləyirlər.
Lakin övladlarına şəxsiyyət vəsiqəsi almaqda problem ilə üzləşən ailələr bu idarənin təsdiqlənmiş adlar siyahısında qeyri-iranlı adların və hətta Avropa mədəniyyətlərinə aid olan adların olduğunu bildirərək, idarədə türk adlara qarşı xüsusi həssaslığın olduğunu deyirlər.