Təbriz şəhərinin qeydiyyat şöbəsi daha əvvəl şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyi Allahverdipur ailəsinin Elana adlı qızlarına məhkəmə qərarı ilə şəxsiyyət vəsiqəsi verib.
Təbrizdə yaşayan Allahverdipur ailəsi təqribən dörd ay öncə dünyaya gələn övladlarına türk adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün məhkəməyə müraciət etməli olmuşdu. Məhkəmə keçən mart ayında ailənin şikayətini təmin etmişdi.
Az News TV saytı və Abbas Lisani adlı Telegram kanalı bu barədə məlumat yayıblar.
"Hamid Allahverdipur övladının şəxsiyyət vəsiqəsinin surətini öz Instagram səhifəsində paylaşıb və yazıb ki, faşizm və aparteidə qarşı mübarizə və müqavimət nəticə verdi və Elanaya nəhayət şəxsiyyət vəsiqəsi verildi" , Az News TV bildirib.
Allahverdipur ailəsi keçən dekabr ayında qızlarına şəxsiyyət vəsiqəsi almaq üçün İranın vətəndaşlıq qeydiyyatı idarəsinin Təbriz şöbəsi və Şərqi Azərbaycan baş idarəsinə müraciət etmişdi. Ancaq qeydiyyat idarəsi 'Elana' adının "qeyri-münasib və yasaq adlardan olduğunu və qadın cinsi üçün uyğun olmadığını" irəli sürərək adı qeydiyyatdan keçirməmişdi.
Uşağın atası Hamid Allahverdipur yanvar ayında Təbrizin ümumi hüquq məhkəməsinə müraciət edərək həm qızına seçdikləri adla şəxsiyyət vəsiqəsi verilməsini, həm də məhkəmə xərclərinin qeydiyyat idarəsi tərəfindən ödənilməsini tələb edib.
Məhkəmə həm Elana adına şəxsiyyət vəsiqəsi verilməsinə, həm də məhkəmə xərclərinin Təbriz qeydiyyat idarəsi və vilayət baş idarəsi tərəfindən ödənilməsinə hökm çıxaırb. Ancaq qeydiyyat idarəsinin Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinə müraciəti nəticəsində şəxsiyyət vəsiqəsi verilməsinə dair qərar qüvvədə saxlanılıb, ancaq məhkəmə xərclərinin qeydiyyat idarəsi tərəfindən ödənilməsi qərarı ilə bağlı qeydiyyat idarəsinin şikayəti təmin olunub. Yəni, Allahverdipur ailəsi məhkəmə xərclərini özləri ödəməli olub.
İranın vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi türk adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.