Son vaxtlar İran Azərbaycanında övladları üçün seçdikləri türk adı ilə qeydiyyat şöbələrindən şəxsiyyət vəsiqəsi ala bilməyən bir çox ailə məhkəmələrə müraciət etməyə başlayıb.
Bu yaxınlarda Təbrizdə məhkəmə qızlarına "Elana" adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən Allahverdipur ailəsinin şikayətini təmin edib.
Ailə keçən dekabr ayında dünyaya gələn qızlarına şəxsiyyət vəsiqəsi almaq üçün İranın vətəndaşlıq qeydiyyatı idarəsinin Təbriz şöbəsi və Şərqi Azərbaycan baş idarəsinə müraciət etmişdi. Ancaq qeydiyyat idarəsi 'Elana' adının "qeyri-münasib və yasaq adlardan olduğunu və qadın cinsi üçün uyğun olmadığını" irəli sürərək adı qeydiyyatdan keçirməmişdi.
Uşağın atası Hamid Allahverdipur yanvar ayında Təbrizin ümumi hüquq məhkəməsinə müraciət edərək həm qızına seçdiklər adla şəxsiyyət vəsiqəsi verilməsini, həm də məhkəmə xərclərinin qeydiyyat idarəsi tərəfindən ödənilməsini tələb etdi.
İnsan haqları vəkili Sina Yusufinin öz Twitter səhifəsində surətini paylaşdığını qərara əsasən, məhkəmə Elana adına şəxsiyyət vəsiqəsi verilməsinə, habelə məhkəmə xərclərinin Təbriz qeydiyyat idarəsi və vilayət baş idarəsi tərəfindən ödənilməsinə hökm etdi. Qeydiyyat idarəsi isə qərarı dəyişdirmək üçün vilayətin apellyasiya məhkəməsinə müraciət etdi.
Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi isə keçən həftə çıxardığı qərarda ilkin məhkəmənin şəxsiyyət vəsiqəsi verilməsinə dair qərarını qüvvədə saxlayıb, ancaq məhkəmə xərclərinin qeydiyyat idarəsi tərəfindən ödənilməsi qərarı ilə bağlı qeydiyyat idarəsinin şikayətini təmin edib. Yəni, Allahverdi ailəsi məhkəmə xərclərini özləri ödəməli olacaq.
İranın vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi türkcə adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.
2001-ci ildə İranda nəşr edilən "Türkcə İnsan Adları" adlı sözlüyün müəllifi Fərhad Cavadi daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.
"Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun", Cavadi həmin müsahibədə söyləyib.