İranın vətəndaşlıq qeydiyyatı idarəsi Təbriz sakini Cəbrayili ailəsinin yeni dünyaya gələn övladlarına seçdikləri "Baycan" adı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edib.
HRA agentliyi və Güney Azərbaycan Televiziyası (Günaz TV) kimi mənbələrə istinadən, qeydiyyat şöbəsindən ümidini kəsən Cəbrayهli ailəsi övladına ad seçmək haqqının bərpası üçün məhkəməyə müraciət edib.
Günaz TV-nin xəbərinə görə, Baycanın atası Ramin Cəbrayili deyib ki, "Baycan oktyabr 7-də anadan olub. Qeydiyyat idarəsi adını qəbul etmədiyi üçün məhkəməyə getmişik. 14 noyabr günü məhkəmədən cavab ala bilmədik. Yenidən məhkəməyə gedib sənəd-kitab aparacağam."
Son illər İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Zəncan vilayəti qeydiyyat baş idarəsinin keçən həftə açıqladığı məlumata əsasən, hazırkı 1402 Hicri ilinin ilk yarısında "Ayhan" adı Zəncan vilayətində ən populyar oğlan adı olub.
İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Elcan, Elin, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat şöbələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.
Forum