Accessibility links

Təbriz Həbsxanasında saxlanılan güneyli fəal Kərim İsmayılzadə müalicədən məhrum edilib


Güneyli milli fəal Kərim İsmayılzadə
Güneyli milli fəal Kərim İsmayılzadə

Təbriz Həbsxanasında saxlanılan güneyli milli fəal Kərim İsmayılzadənin müvəqqəti azadlığa çıxmasına icazə verilmir. Həbs edilməsindən 20 gün keçməsinə baxmayaraq, o, qeyri-müəyyən müddətə həbsdə saxlanılır.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiçilərinin yaydığı məlumata görə, mədə problemlərindən əziyyət çəkən İsmayılzadə, lazımi müalicədən məhrum edilib. Milli fəalın həbsxanada dərman və lazımi tibbi yardıma çatımı yoxdur və həbsxanadan kənar müalicə olunmasına icazə verilmir.

Ailəsi onun fiziki vəziyyətinin çox ağır olduğu, mədə nahiyəsindən ciddi şəkildə əziyyət çəkdiyi və qanaxma problemi yaşadığını deyir. Lakin həbsxana səlahiyyətliləri ailəsinə onun dərmanını həbsxanaya göndərməsinə və ya İsmayılzadəni xəstəxanaya göndərməyə icazə vermir.

Kərim İsmayılzadə avqustun 27-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, avqustun 16-da Təbrizin Səhənd stadionuna daxil olduğu zaman futbol matçı başlamazdan əvvəl təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış, 3 gün sonra girov qarşılığında Təbriz həbsxanasından sərbəst buraxılmışdı. Bu, bir ay ərzində artıq ikinci dəfədir o, həbs edilir və bu dəfə onun mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmasına maneə yaradılır.

İsmayılzadənin həbsxanada fiziki vəziyyətinin pisləşməsi ailəsində və yaxınlarında ciddi narahatlıq yaradıb.

Kərim İsmayılzadə son zamanlarda Araz çayının kəskin çirklənməsi və Urmiyə gölünün vəziyyəti ilə bağlı cəmiyyət arasında maarifləndirmə fəaliyyətləri aparıb. Bölgədəki hüquq müdafiəçiləri milli fəalın həbs edilməsini ətraf mühit haqqında apardığı dinc fəaliyyətlərlə əlaqədar olduğunu güman edirlər.

Forum

XS
SM
MD
LG