İran Azərbaycanının Təbriz şəhərində yaşayan idmançı Kərim İsmayılzadənin Kəşfiyyat İdarəsinin qüvvələri tərəfindən işgəncəyə məruz qaldığı bildirilir.
Amerikanın Səsinin əldə etdiyi məlumata və sosial mediada paylaşılan xəbərlərə görə, dekabrın 12-də Kəşfiyyat agentləri tərəfindən nəzarət altına alınan Kərim İsmayılzadə təcridxanada dindirmə prosesi zamanı işgəncəyə məruz qalıb və xəstəxanaya yerləşdirilib.
Güneyli idmançı və milli fəal İsmayılzadə dekabr ayının 12-də nəzarət altına alınaraq, üç gün müddətində Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkilib. Son zamanlarda Urmiyə gölünün sürətlə quruması və onun təsiri altında bölgədə yaranan ekoloji fəlakətlə əlaqədar dinc şəkildə fəaliyyət göstərən İsmayılzadə girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
Yayılan məlumatlara görə, Kərim İsmayılzadə nəzarətdə saxlandığı müddətdə ağır işgəncələrə məruz qalıb və boynuna vurulan elektroşok alətinin təsiri nəticəsində xəstəxanaya yerləşdirilib.
Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının sosial mediada yaydığı məlumata görə, Kərim İsmayılzadə dekabrın 25-də aldığı məhkəmə vərəqəsinə əsasən beş gün ərzində Təbriz İnqilab Məhkəməsinin prokurorluğuna çağırılıb. Yayımlanan məhkəmə vərəqəsinin surətinə görə, İsmayılzadə, ona qarşı irəli sürülən "əhalini zorakı hərəkətlərə dəvət etmək" ittihamından özünü müdafiə etməlidir.
Son zamanlar İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəallar və ətraf mühit fəalları Urmiyə gölündə yaranmış ekoloji vəziyyət və İran hökumətinin məsələyə laqeydliyinə etiraz olaraq şəhər divarlarında etiraz plakatlarının yapışdırılması kimi fəaliyyətlərlə hökumətə qarşı etirazlarını bildirmişdilər.
Urmiyə gölünün quruması ekoloji təhlükəyə çevriləndən bəri İran hökumətinin prezidentliyinə namizədlər, prezidentliyi qazanan şəxslər və fərqli millət vəkilləri sözdə Urmiyə gölünün canlandırılması ilə bağlı vədlər etsələr də, göldə ekoloji durum pisləşməkdə davam edir.
Urmiyə gölünün canlandırılması ilə əlaqədar başlayan layihələrin üstündən səkkiz il keçməsinə baxmayaraq, bu layihəyələrin gölün canlandırılması işinə çox az təsiri olub.
İran Azərbaycanında milli fəallar və ətraf mühit fəalları gölün qurumasının nəticəsində əhali arasında xroniki xəstəliklər və ekoloji böhranların artacağı barədə xəbərdarlıq edirlər.
İndiyədək Urmiyə gölünün vəziyyəti ilə bağlı hökumətə etiraz edən yüzlərlə vətəndaş təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və məhkəmə sistemi tərəfindən fərqli cəzalara məhkum olunub.