Accessibility links

İran Azərbaycanında onlarla milli fəal Urmiyə gölü etirazları ilə əlaqədar həbs edilib, təzyiqlərə məruz qalıb


Urmiyə gölü
Urmiyə gölü

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, avqustun 27-də Urmiyə gölünün xilası üçün etiraz aksiyaları çağırışı ilə eyni vaxtda İslam Respublikasının təhlükəsizlik qüvvələri İran Azərbaycanının müxtəlif şəhərlərində onlarla milli fəalı kəşfiyyat idarəsi bölmələrinə çağırıb və ya həbs edib.

Milli fəallar arasında Sima Əlipur, Şahin Bərzgar, Möhsün İbrahimi və Yaşar Həsənpur təhlükəsizlik qüvvələri tərəfindən Təbriz şəhər Kəşfiyyat İdarəsinə , Cəfər Əkbəri isə Xoy Kəşfiyyat İdarəsinə çağırılıb.

Həmçinin xəbərlərdə bildirilir ki, təhlükəsizlik qüvvələri Urmiyə gölünün ağır vəziyyətinə qarşı etiraz aksiyalarının keçirilməsinin qarşısını almaq üçün İran Azərbaycanının müxtəlif şəhərlərində bir sıra milli fəalları həbs edib.

Züleyxa Qazizadə, Mehrdad Şeyxi və İrəc Şirzad avqustun 27-də Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, saatlarla davam edən sorğu-sual və hədələrdən sonra sərbəst buraxılıb. Həmçinin Miyana şəhərində yaşayan şair və ictimai fəal Məhəmməd Şeyx Əl-İslami tutularaq Kəşfiyyat İdarəsinin təcridxanasında bir neçə saat dindirilib və sərbəst buraxılıb.

Digər milli fəal Həbib Nigəhban dünən yerli vaxtla səhər saatlarında təhlükəsizlik qüvvələrinin atasının evinə basqını nəticəsində həbs edilib və gecə saat 02:00 radələrində saatlarla sorğu-suala çəkiləndən sonra sərbəst buraxılıb.

Azərbaycanlı siyasi fəal Araz Süleymani avqustun 27-də günorta Ərdəbil kəşfiyyat agentləri tərəfindən şəxsi evində həbs edilib. Hələlik bu siyasi fəala qarşı ittiham növü və onun sağlamlıq vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

Həmçinin sosial mediada yayılan bəzi məlumatlarda digər azərbaycanlı milli fəal Kərim İsmayılzadənin avqustun 27-də axşam saatlarında şəxsi evində həbs edildiyi və onun vəziyyəti ilə bağlı hələlik məlumat olmadığı bildirilir.

Nəşr olunan xəbərlərə əsasən, Ərdəbil şəhərinin təhlükəsizlik qüvvələrinin Ərdəbildə Afşin Sübhi, Yusif Kari və Fərşid Piçqanlını həbs etmək cəhdləri nəticəsiz qalıb və təhlükəsizlik qüvvələri bu fəalları həbs etməyə müvəffəq olmayıb.

Həmçinin bir çox milli fəallarla xüsusi nömrələrlə əlaqə saxlandığını, etiraz aksiyalarına qatılmamaları üçün təhdid və hədə-qorxulara məruz qaldığını göstərən məlumatlar yayılıb.

Bundan əvvəl Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Öyrənci Hərəkatı və Güney Azərbaycan Demokrat Partiyası avqustun 27-ə etiraz mitinqləri keçirmək üçün çağırış etmişdilər. Son çağırış tarixi 2011-ci il avqustun 27-də İran Azərbaycanının şəhərlərində Urmiyə gölünün quruması və onun canlandırılması üçün parlament və hökumətin heç bir tədbir görməməsi ilə bağlı ilk etiraz aksiyaları keçirilməsinin ildönümünə təsadüf edib.

2011-ci ildə İran Azərbaycanının şəhərlərində Urmiyə gölündə durumla bağlı keçirilən etiraz aksiyaları İranda ətraf mühitlə bağlı ilk kütləvi etiraz aksiyaları hesab olunur.

Avqustun 27-də İran Azərbaycanının şəhərlərinin mərkəzlərində, xüsusilə Təbriz və Urmiyədə xeyli sayda təhlükəsizlik qüvvələri yerləşdirilərək, insanların bir araya gələrək hər hansı etiraz aksiyasının keçirilməsinə qarşı tədbir görülüb. Təbrizdə təhlükəsizlik qüvvələrinin sosial medida yayımlanan video-görüntülərində onların bəzilərinin əlində silah olduğu müşahidə olunur.

Forum

XS
SM
MD
LG