Güneyli milli fəal Kərim İsmayılzadə avqustun 27-dən həbsdədir və məhkəmə orqanları onun girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılmasına qarşı çıxır.
Sosial media kanallarında yayımlanan xəbərlərə görə, Təbrizdə yaşayan azərbaycanlı idmançı və milli fəal Kərim İsmayılzadə avqustun 27-də öz evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və o vaxtdan bəri məhkəmə orqanları onun zaminə buraxılmasına əngəl olur.
Ailəsi Təbriz Məhkəməsinin prokurorluğuna müraciət etsə də, hakim onun müvəqqəti azadlığa buraxılması üçün mülki zəmanət təmin etməsinə icazə verməyib. Məhkəmə milli fəalın işi üzrə istintaq prosesinin davam etdiyini və saxlanma müddətinin uzadıldığını bildirib.
Artıq iki həftədir ki o, Təbriz Mərkəzi Həbsxanasında saxlanılır. Bölgədəki hüquq müdafiəçiləri tərəfindən sosial mediada dərc olunmuş məlumatlarda onun mədə xəstəliyindən əziyyət çəkdiyi, həbsxanada dərman və lazımi tibbi yardıma çatımı olmadığı bildirilir ki, bu da ailəsinin səhhəti ilə bağlı narahatlığını artırıb.
Avqustun 27-də Urmiyə gölünün xilası üçün etiraz aksiyaları çağırışı ilə eyni vaxtda İslam Respublikasının təhlükəsizlik qüvvələri İran Azərbaycanının müxtəlif şəhərlərində onlarla milli fəalı kəşfiyyat idarəsi bölmələrinə çağırıb və ya həbs etmişdi.
Bundan əvvəl İsmayılzadə avqustun 16-da Təbrizin Səhənd stadionunda "Traktor" və "Persepolis" komandaları arasında keçirilən futbol matçında Abdullah Ənsari, Mehdi Nəsirzadə və İbrahim Rzayi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Forum