Accessibility links

Azərbaycan məhkəməsi Ermənistan hərbçilərini 11,5 il müddətinə həbsə məhkum edib


Sumqayıt məhkəmə kompleksi (Mənbə: Sumqayıt məhkəməsi )
Sumqayıt məhkəmə kompleksi (Mənbə: Sumqayıt məhkəməsi )

İyulun 7-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Azərbaycan dövlət sərhədini qanunsuz keçməkdə və digər ağır cinayətlərdə ittiham olunan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Arutyun Ovagimyan və Karen Kazaryanın hər birini 11,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Prokuror onların 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Mayın 26-da Azərbaycan Sərhəd Xidməti Ermənistan tərəfindən diversiya qrupunun sərhədi keçməyə cəhd etdiyi və iki erməni hərbiçisinin saxlanıldığı haqqında məlumat yayıb.

Ovagimyan və Kazaryan barəsində Azərbaycan CM-in 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb, deyə Azərbaycan Baş Prokurorluğunun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilir.

Ermənistan Müdafiə Nazirliyi mayın 27-də bildirib ki, Azərbaycan sərhəd xidmətinin guya erməni hərbçilərinin təxribata cəhd etməsi barədə yaydığı xəbər tamamilə yalandır və dezinformasiyadır.

“Ermənistan tərəfinin bunu təkzib etmək üçün kifayət qədər sübutu var və beynəlxalq tərəfdaşlara təqdim olunacaq. Aşkar edilmiş avtomobildə hərbçilərdən birinə məxsus silah da aşkar edilib. Bu onu göstərir ki, hərbçilər maşından düşsələr də, yerdə istiqaməti tapa bilməyiblər, təxribat məqsədləri ola bilməz”, məlumatda qeyd edilir.

Bundan öncə, bu ilin mayında və iyununda Ermənistan məhkəməsi sərhədi qanunsuz keçməkdə və digər ağır cinayətlərdə ittiham edilən Azərbaycan hərbçiləri Hüseyn Azundovu 20 il, Aqşin Bədirovu 11,5 il azadlıqdan məhrum edib.

Azərbaycan tərəfi hərbçilərinin dumanlı havada istiqaməti itirərək Ermənistan ərazisinə keçdiyini bildirib.

XS
SM
MD
LG