Accessibility links

Azərbaycanın yükdaşıma aviaşirkəti Hyustona uçuşlar həyata keçirəcək


"Silkway West Airlines" şirkətinin Boeing 747-8F təyyarəsi
"Silkway West Airlines" şirkətinin Boeing 747-8F təyyarəsi

Azərbaycanın qlobal yükdaşıma aviaşirkəti "Silk Way West Airlines" bu həftədən etibarən Hyustona həftəlik reyslərə start verdiyini elan edib.

"Silk Way West Airlines"-in məlumatında deyilir ki, aviaşirkət ABŞ-ın ən iri hava limanlarından biri olan Corc Buş Qitələrarası Hava Limanına (IAH) uçuşlar həyata keçirəcək.

"Silk Way West Airlines", həmçinin Amerika qitəsindəki marşrut şəbəkəsini genişləndirərək, Çikaqo və Dallasa müntəzəm uçuşları davam edəcək.

"Silk Way West Airlines" şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas yeni marşrutun əhəmiyyətini vurğulayaraq qeyd edib: "ABŞ-ın ən mühüm hava yük keçidlərindən biri olan Hyustona yeni həftəlik uçuşlara başlamaqdan məmnunluq duyuruq. Bu, müştərilərimizi əlavə tutumluq və daha sürətli tranzit vaxtları ilə təmin edəcək. Amerika qitəsində artan mövcudluğumuz bu regiondakı müştərilərimiz üçün etibarlı və səmərəli yük daşımaları təqdim etmək niyyətimizi təsdiqləyir. Yeni marşrut həm də müştərilərimizi Mərkəzi Asiya və Yaxın Şərq bazarları ilə əlaqələndirmək imkanlarını artıracaq".

2012-ci ildə Azərbaycanın Bakı şəhərində yaradılan "Silk Way West Airlines" Xəzər dənizi regionunda ən böyük yük aviaşirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən aviaşirkət 12 xüsusi Boeing 747-8F və Boeing 747-400F yük təyyarələri ilə Avropa, Asiya və Amerika qitəsi üzrə aylıq 350-yə yaxın uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır, onun artan marşrut şəbəkəsi Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya və Amerika qitəsi üzrə 40-dan çox istiqaməti əhatə edir.

Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Silk Way West Airlines üç şirkətdən - Silk Way West Airlines, Silk Way Airlines və Silk Way Technics-dən ibarət Silk Way Group-un bir hissəsidir.

XS
SM
MD
LG