ABŞ səfiri Robert Sekuta Silk Way və Boeing şirkətlərini dəyəri 1 milliard ABŞ dollarından çox olan üç 747 yük təyyarəsinin alınması barədə razılığın imzalanması münasibətilə təbrik edib. Bu barədə ABŞ-ın Azərbaycandfakı səfirliyinin rəsmi saytı məlumat yayıb.
Səfir deyib ki, yeni təyyarələr həm Azərbaycanın aviasiya və nəqliyyat sektorlarının inkişafına, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə və ölkənin transit mərkəzinə çevrilmə arzusuna təkan verəcək.
“Sözügedən təyyarələrin alınması ABŞ və Azərbaycan arasında inkişaf edən kommersiya əlaqələrinin göstəricisidir və ümid edirəm ki, gələcəkdə də Azərbaycanın AZAL və Silk Way kimi şirkətləri ilə yeni kommersiya əlaqələri yaratmaq və iqtisadi əməkdaşlığı genişləndirmək imkanları mövcud olacaq”, o qeyd edib.Xatırladaq ki, Azərbaycanın "Silk Way West" şirkəti "Boeing" şirkətindən 3 ədəd "747-8 Freighter" modelli təyyarə sifariş verib. Təyyarələrin ümumi məbləği 1,1 milyard dollar təşkil edir.
"Silk Way" şirkətlər qrupunun prezidenti Zaur Axundov deyib: "Silk Way Airlines" şirkətinin müvəffəqiyyəti və mənfəəti aviaparkının və xidmətlərinin genişləndirilməsinə yatırılan sərmayələrin, eləcə də artan regional və beynəlxalq nüfuzunun birbaşa nəticəsidir. Əminəm ki, 3 yeni "Boeing 747-8" sayəsində şirkət indiki inkişaf tempini saxlayacaq", o qeyd edib.