Accessibility links

“Müsəlman Birliyi” Hərəkatının üzvü həbsxanada fiziki təzyiqə məruz qaldığını bildirib


Abbas Hüseyn 
Abbas Hüseyn 

"Nardaran işi" üzrə həbs edilmiş "Müsəlman Birliyi" Hərəkatının üzvü Abbas Hüseynov Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində fiziki təzyiqə məruz qalmasından şikayət edib.

Bu barədə martın 3-də vəkil Fəxrəddin Mehdiyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində Hüseynova baş çəkdikdən sonra bildirib.

Hüseynov 11 gün 7 saylı Cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanıldıqdan sonra bir neçə gün əvvəl həbsxana xəstəxanasına köçürülüb.

Hüseynov vəkilə bildirib ki, son vaxtlar administrasiya tərəfindən öyrədilən məhbuslar ona qarşı təxribat törətməyə başlayıblar. Eyni zamanda onu müdafiə edən məhbuslar başqa cəzaçəkmə müəssisələrinə köçürülüb.

Hüseynov baş verənlərə etirazını bildirdikdə onu cərimə təcridxanasına salıblar və fiziki təzyiq göstərməyə başlayıblar. O, etiraz əlaməti olaraq aclığa başlayıb və 11 gün sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər.

Vəkil qeyd edib ki, Penitensiar Xidmətə və yəqin ki, prokurorluğa müraciət edəcək.

Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, vəkilin dedikləri həqiqəti əks etdirmir.

“Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində bütün insanlar qanunvericliyin tələblərinə uyğun olaraq daxili intizam qaydaları əsasında saxlanılır. Hər hansı məhbusa təzyiq göstərilməsindən söhbət gedə bilməz və vəkilin dedikləri həqiqəti əks etdirmir”, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı qeyd edib.

"Müsəlman Birliyi" hərəkatının üzvü Abbas Hüseynov 2015-ci ilin noyabrında polisin Nardaranda keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb və sonradan terrorçuluq fəaliyyəti, qanunsuz silah dövriyyəsi, polisə müqavimət və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Bu il fevralın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi onun işgəncəyə məruz qalması ilə bağlı verdiyi şikayəti təmin edib və ona təzminat ödənilməsi barədə qərar çıxarıb.

XS
SM
MD
LG