Accessibility links

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 100-dən artıq ərizə üzrə qərarını elan etdi


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 10-da Azərbaycandan göndərilmiş 100-dən çox ərizə üzrə 4 qərarını elan edib.

Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

Xalid Ağaliyevin verdiyi məlumata görə, qərarlar pis rəftar, mülkiyyət, birləşmə hüquqlarının pozulması, ədalətli məhkəmə çəkişməsilə bağlı şikayətlərin səmərəsiz araşdırılmasına aiddir.

"Ələsgər Ələsgərov və digərləri Azərbaycana qarşı" işi üzrə qərar öz əmlaklarının - evlərinin, mənzillərinin, torpaq sahələrinin, qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsindən şikayət edən 82 ərizəçinin müraciəti əsasında çıxarılıb. Bu faktlar Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. Ərizəçilər onlara ödənilən kompensasiyanı ədalətsiz hesab ediblər. Bəzilərinə dəymiş ziyan, ümumiyyətlə, ödənilməyib" o bildirib.

Hüquqşünas deyir ki, kommunikasiya zamanı ərizəçilərin nümayəndəsi deyib ki, onlardan yalnız 22-i məhkəmə çəkişmələrini davam etdirmək niyyətindədir, buna görə də 60 nəfərin şikayəti baxılan işlərin siyahısından çıxarılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 ərizəçinin mülkiyyət hüquqlarının pozulduğunu müəyyən edib. Azərbaycan hökumətinə üç ay müddətində ərizəçilərə kompensasiyanın məbləğinin müəyyən edilməsi barədə yazılı bildiriş təqdim etmək təklif olunub. Əks halda, Avropa İnsan Hüquqları Məhkəməsi kompensasiyanın məbləğini özü müəyyən edəcək.

"İsmail Bağvanov və digərləri Azərbaycana qarşı" işində "Qış parkı" adlanan ərazinin tikintisi üçün evlərin sökülməsi zamanı əmlakın özgəninkiləşdirilməsilə bağlı 14 ərizəçinin şikayəti birləşdirilib. Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçilərin mülkiyyət hüquqlarının pozulduğunu müəyyən edib. Əvvəlki qərarda olduğu kimi, Azərbaycan hökumətinə üç ay müddətində ərizəçilərə kompensasiyanın məbləğinin müəyyən edilməsi barədə yazılı bildiriş təqdim etmək təklif edilib. Əks halda, Avropa İnsan Hüquqları Məhkəməsi kompensasiya təyin etmək hüququnu özündə saxlayır" , hüquqşünas bildirib.

Üçüncü qərar (Elman Ağayevin şikayəti) "Nardaran işi" ilə bağlıdır. Hüquqşünasın sözlərinə görə, bu məhkəmə işi ərizəçiyə pis rəftara yol verilməsi və bununla bağlı araşdırmanın səmərəli olmaması iddiaları ilə bağlı idi.

"Ərizəçi 2015-ci ildə Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həyata keçirilən həbslər zamanı saxlanılmış, daha sonra müxtəlif cinayətlərdə təqsirli hesab edilmişdi"- deyə, o bildirib.

Hüquqşünas vurğulayır ki, onun yerli prokurorluğa və məhkəməyə şikayətləri effektiv şəkildə araşdırılmayıb.

O, məhkəmədən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) üzrə hüquqlarının pozulmasının tanınmasını xahiş edib.

Kommunikasiya zamanı tərəflər - ərizəçi və hökumət arasında barış sazişi bağlanıb və onun şərtlərinə görə, hakimiyyət Ağayevə 8 min avro ödəyəcək.

2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyi (DİN) Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Onda ikisi polis olmaqla, altı şəxsin həlak olduğu açıqlanıb.

Həmin hadisələrlə bağlı 100-ə yaxın şəxs həbs edilib, onlardan bir çoxuna qətl və başqa cinayətlərlə bağlı ittihamlar irəli sürülərək müxtəlif cəzalar verilib. E.Ağayev isə 13 il həbs cəzası almışdı və 2019-cu ildə prezidentin sərəncamı ilə əfv olunub. Amma həbs edilənlər məhkəmələrində heç kimi öldürmədiklərini, ittihamın qurama olduğunu, tutulandan sonra işgəncələrə məruz qaldıqlarını bildiriblər. DİN isə işgəncə şikayətlərini əsassız sayıb.

Ağalıyev deyir ki, "Leonid Moroz və digərləri Azərbaycana qarşı" işində ərizəçilər "Yehovanın Şahidləri" dini icmasının təsisçiləri Leonid Moroz və Kiril Stepanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu qurumu qeydiyyata almaqdan imtina etməsindən şikayətləniblər. Onlar dini etiqad azadlığı, birləşmək və effektiv hüquqi müdafiə hüquqlarının pozulmasının tanınmasını xahiş ediblər.

Bu işdə də tərəflər "barış anlaşması" əldə ediblər və hakimiyyət ərizəçilərə 5500 avro kompensasiya ödəməyə razılaşıb.

XS
SM
MD
LG