Accessibility links

USCIRF: Azərbaycan din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısına salınsın


Nardaran ( Photo by : Parvana Bayramova)
Nardaran ( Photo by : Parvana Bayramova)

ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası (USCIRF) aprelin 28-də dünyada din azadlığının durumu ilə bağlı hesabatını açıqlayıb.

Hesabatda ölkələr din azadlığına görə xüsusi narahatlıq doğuran qrupa və xüsusi müşahidə siyahısına ayrılıb.

Hesabatın Azərbaycana aid olan hissəsində müsbət tendensiyalar sadalandığına baxmayaraq, hökumətin bütün dini icmaları və onların fəaliyyətini həddən artıq nəzarətdə saxladığı deyilir.

USCIRF
USCIRF

USCIRF hesabatında qeyd edir ki, 2019-cu ildə Azərbaycanda din azadlığı sahəsində müsbətə doğru inkişaf olub. Hökumət dini icmalara qarşı reydləri əsasən dayandırıb, fərdlərin din, yaxud inanclarının dinc şəkildə gerçəkləşməsi ilə əlaqədar saxlanması və cərimələnməsini azalıb.

Prezident İlham Əliyev keçən ilin martında 51 siyasi və din məhbusunu azad edib.

Hesabatda müsbət tendensiya kimi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin il ərzində 31 müsəlman və 3 xrisitian icmasını qeydiyyata aldığı bildirilir. Azərbaycanın ABŞ-dakı səfirliyi və digər hökumət rəsmiləri din azadlığı məsələləri ilə bağlı USCIRF ilə sıx işləyib.

Amma bütün bunlarla yanaşı hökumətin bütün dini icmaları və onların fəaliyyətini aşırı nəzarətdə saxladığı vurğulanır.

Hesabatda deyilir ki, 2009-cu ildə qəbul olunmuş Din Azadlığı Qanunu dini icmaların hamısının dövlət qeydiyyatından keçməsini tələb edir; qeydiyyatsız dini fəaliyyəti kriminallaşdırır; dini fəaliyyəti yalnız icmanın hüquqi ünvanı ilə məhdudlaşdırır; dini ədəbiyyatın hazırlanması, idxalı, ixracı, yayılması, satışı üçün hökumətin icazəsi tələb olunur.

Sənəddə ötən ilin sonunadək 45 dini fəalın həbsdə qaldığı vurğulanır. Onlardan çoxunun Müsəlman Birliyi Hərəkatının üzvləri olduğu bildirilir. Hazırda bu təşkilatın sədri Taleh Bağırov daxil olmaqla onlarla üzvü ağır ittihamlarla uzunmüddətli həbs cəzaları çəkir. Özləri isə ittihamları siyasi motivli hesab edir.

“Yerli insan haqları fəalları bildirir ki, hökumət 2018-ci ildə Gəncə şəhərində zorakılıqla əlaqədar onlarla fərdi ‘dindarlara qarşı repressiyalar’ çərçivəsində saxlayıb. Onlar saxlananların işgəncə riskinə məruz qalmasından narahatlıq bildiriblər,” hesabatda qeyd edilir.

Tövsiyələr

Beynəlxalq Din Azadlığı üzrə Komissiyası ABŞ Dövlət Departamentinə tövsiyə hazırlayıb.

ABŞ hökumətinə 2009-cu ildə qəbul olunmuş Din Azadlığı qanununu beynəlxal insan haqları standartlarına uyğunlaşdırmaq üçün Azərbaycan hökuməti ilə işləmək tövsiyə olunur. ABŞ Dövlət Departamentinə tövsiyə edilir ki, Azərbaycan din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısına salınsın.

Daha bir tövsiyə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində Azərbaycan hökumətilə işləyərək alternativ mülki xidmətə, dini baxışlara görə hərbi xidmətdən imtinaya icazə verilməsidir. Bunun Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyinə, beynəlxalq insan haqları öhdəliklərinə və Azərbaycan konstitusiyasına uyğun olduğu bildirilir.

Hesabatda deyilir ki, ABŞ Konqresi Azərbaycanda din azadlığının, Müsəlman Birliyi Hərəkatına münasibət daxil olmaqla daha geniş insan haqları pozuntularının araşdırılması üçün ictimai dinləmələr keçirməlidir; müvafiq narahatlıqları Azərbaycan səfirliyi və digər hökumət rəsmilərinə birbaşa bildirməlidir; vicdan məhbuslarının azadlığa buraxılmasına çağırmalıdır.

Rəylər:
Azərbaycanda din sahəsini işıqlandıran jurnalist, hüquq müdafiəçisi Arzu Abdulla USCIRF illik hesabatında Azərbaycanın din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısına salınması fikri ilə razı olduğunu deyir.

Arzu Abdulla (foto :Toplum Tv)
Arzu Abdulla (foto :Toplum Tv)

“Azərbaycanda ümumiyyətlə din azadlığı yoxdur. Yəni təkcə müsəlmanlar deyil, eyni zamanda digər dinlərin daşıyıcıları da təzyiq altındadır. Əgər xatırlayırsınızsa, Azadlıq radiosunda bir şikayətçi snaqoqa getdiyi və iudaizmin tələb etdiyi duaları işdə öz otağında oxuduğu üçün bankdan qovulduğunu deyirdi. Amma Azərbaycanda daha çox şiələrə qarşı zorakılıq var. Bütün dünyada Aşura günləri küçələrdə rahat şəkildə qeyd edilir. ABŞ, Almaniya, Kanada, İngiltərə və digər ölkələrdə. Azərbaycanda isə məscidlərdən kənara çıxmaq olmaz. Hətta bəzi deputatlar Aşura gününün məscidlərdə deyil, evlərdə keçirilməsini istəyir. `Gəncə işi` məhkəməsində vəkil müdafiə etdiyi şəxsin namaz qılmadığını, oruc tutmadığını və bununla da günahsız olduğunu sübut etməyə çalışırdı. Və ya “Nardaran işi”, “Səid Dadadşbəyli və onun dəstəsi” işindəki istintaq işi ilə tanış olanda bu işlərdə suçlananların daha çox dindar olması önə çəkilir. Bəli, Azərbaycanda dindar olmaq günahdır. Eyni zamanda “20 Yanvar”, “Evrovision” məhbusları və ya İsrail səfirliyini partlatmaq istədiyi deyilən bir dəstə dindarın artıq 12 ildir günahsız yerə cəza çəkməsini xatırlayın. Bu adamlar ömrü boyu silah görmədiyi halda onları terrorda günahlandırırdılar. Bəzilərinə hətta ömürlük həbs cəzası verilib. Hətta Tərtər içində də daha çox inanclı hərbiçiləri işgəncə ilə qətlə yetirib və ya həbs ediblər. Azərbaycan hökumətinə edilən tövsiyələrlə razıyam. Dini baxışlara görə hərbi xidmətdən imtinaya icazə verilməsinə gəlincə, Azərbaycanda bu tövsiyənin qəbul olunacağı halda daha çox sui-istifadəyə imkan yaradılacaq. Çünki bilirsiniz, daha çox məmurların və maddi cəhətdən imkanlı şəxslərin övladları müxtəlif bəhanlərlə əsgəri xidmətdən yayınır. Bu tövsiyə də belələrinə yardımçı olacaq. Amma özlüyündə düzgün dəyərləndirilsə çox yaxşı olardı. Hesabatda deyilir ki, Müsəlman Birliyi Hərəkatının adı çəkilir. Bəli, bu gün də bu Hərəkata basqılar davam edir. Hətta bu Birliyin üzvlərinə insanlara yardım payladığı üçün həbs cəzası verilir. Vicdan məhbuslarının buraxılmasına gəlincə, həm “Nardaran işi”, həm “Gəncə işi” məhəkəmə proseslərində jurnalist kimi iştirak etmişəm, “Səid Dadaşbəyli və onun dəstəsi”, eyni zamanda “Tərtər işi”nin istintaq materialları ilə tanış olmuşam. Bu insanların həbs edilməsinə səbəb olan bir normal dəlil, sübut ortaya qoyulmayıb. Bəli, bu məhbusların hamısı vicdan məhbuslarıdır və azad edilməlidir. Daha bir müsbət tendensiya kimi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin il ərzində 31 müsəlman və 3 xristian icmasını qeydiyyatdan keçirdiyinə gəlincə, qeydiyyat formal xarakter daşıyır və bunu əslində tolerantlıq nümunəsi kimi göstərməyə cəhd edirlər. Amma Azərbaycanda heç bir dinə azadlıq verilməyib. Çünki Azərbaycanda insan azad deyil. Azərbaycanda hicabla vəsiqə şəkli çəkdirmək yasaqdı. Bu isə insan haqlarına zidd.i”

D18 hərəkatının rəhbəri Ruslan İzzətli isə hesab edir ki, Azərbaycanda dini azadlıqlar digər azadlıqlar kimi kobud şəkildə pozulur.

D18 Hərəkatının sədri Ruslan İzzətli
D18 Hərəkatının sədri Ruslan İzzətli

“Nardaran hadisələrini buna misal çəkə bilərik. Hakimiyyət dini azadlıqları pozmaqla yanaşı onu öz maraqları üçün istifadə edir. Bir növ Mübarəkin Misirdə apardığı siyasəti İlham Əliyev aparır. Zaman-zaman inanclı insanlara və ya dini qruplara basqı edərək göstərməyə çalışırlar ki, ölkədə əsas siyasi alternativ dindarlardır. Bununla İlham Əliyev özünü qərbə laikliyin əsas keçikçisi kimi göstərir. Amma reallıq isə əksinədir Ölkə elə bir durumdadır ki, nəinki, dini azadlıqlar digər azadlıqlar da pozulur. Dinin siyasətə təsiri cəhətdən nə İran ola bilərik, nə də indiki Türkiyə. Çünki bizdə siyasi islamın ənənəsi yoxdur. Ona görə dini basqılar gerçək narahatçılığın yox hakimiyyətin qorunması üçün atılan addımlardan biridir.”

Rəsmilər:

Azərbaycan hakimiyyətindən bununla bağlı şərh almaq mümkün olmayıb. Amma hakimiyyət nümayəndələri ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri rədd edir, din azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirir.

XS
SM
MD
LG