Accessibility links

Həbsxanada 23 gündür aclıq edən Zamin Salayevin səhhəti ağırlaşıb


Zamin Salayev
Zamin Salayev

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 23 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti daha da ağırlaşıb. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

Zamin Salayevlə telefon danışığından sonra onun oğlu Oqtay Salayev Amerikanın Səsinə deyib ki, atası 23 gündür aclıq etməsinə baxmayaraq, təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib, həkim nəzarəti yoxdur.

"Atam dedi ki, artıq 25 kiloqramadək çəki itirib. Səhhəti ağırdır, dünən yenə mədəsindən qan gəlməyə başlayıb. Hələ də həkim onu müayinə etməyib. Amma, o ədalət bərpa edilənədək aclığı davam etdirəcəyini bildirdi. Dedi ki, azadlıq haqqıdır", Oqtay Salayev qeyd edib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, qanunsuz olaraq Zamin Salayevin ailəsi və yaxınları ilə görüşünə qadağa qoyulub.

Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

"Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar", o, fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG