Accessibility links

Müxalif fəal həbsxanada aclığa başlayıb


AXCP sədri Əli Kərmli və partiya fəalı Mütəllim Orucov
AXCP sədri Əli Kərmli və partiya fəalı Mütəllim Orucov

2021-ci ilin iyununda Almaniyadan Azərbaycana readmissiya olunduqdan sonra narkotik ittihamı ilə 7 il azadlıqdan məhrum edilən müxalif fəal Mütəllim Orucov fevralın 12-də həbsdə aclığa başlayıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Orucovun aclıq etməsi həkimə əlçatımlılığının olmaması ilə bağlıdır.

"O əvvəllər koronavirus olub və bu xəstəlikdən sonra ağ ciyərlərində problemlər yaranıb. Təcridxanada həkimə əlçatımlılığı olmadığına və çoxadamlı kamerada saxlanılmasına etiraz olaraq aclıq edir. Onun olduğu kameradakı insanların əksəriyyəti siqaret çəkir. Bu da onun sağlamlığına ağır təsir edir", vəkil qeyd edib.

Orucov Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

"O, yüksək təzyiqdən, sinə ağrılarından və meninqitdən əziyyət çəkir. Dünən bununla bağlı axırıncı dəfə müraciət edib ki, tibbi yardım alsın, amma heç kim baxmır deyə etiraz olaraq aclıq aksiyasına başlayıb", bunu isə Orucovun ailəsindən bildirblər.

Öz növbəsində Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmətdən cavab almaq mümkün olmayıb.

Mütəllim Orucovu ötən il oktyabrın 21-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 7 il həbsə məhkum edib.

O, deportasiya olunandan 4 ay sonra böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib.

Mütəllim Orucov ittihamları qəbul etmir və siyasi sifariş hesab edir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG