"Hakım rejim Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının qeydiyyatına əngəllərini davam etdirir, siyasi hakimiyyət partiyanın qeydiyyatına hər vasitə ilə mane olmağa çalışır və bu prosesə məhkəmələri də qoşur".
Bu barədə partiyanın oktyabrın 20-də yaydığı bəyanatda deyilir.
"Belə ki, 27 sentyabr 2022-ci ildə hakim Mirzə Tağızadə ADR Partiyasının qeydiyyat sənədlərini son 1 il ərzində 4 dəfə geri qaytaran Ədliyyə Nazirliyi ilə bağlı Partiyanın şikayətinə Apellyasiya Məhkəməsində baxılmasının mümkünsüzlüyünə dair qərar çıxarıb. Partiyanın vəkili ADR-in kassasiya şikayətini Ali Məhkəməyə təqdim edib. Gözləntilərə görə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işi yenidən birinci instansiyaya qaytaracaq. Burada məqsəd ADR Partiyasının şikayətini Apellyasiya Məhkəməsi ilə Ali Məhkəmə arasında bir-birinə ötürməklə Partiyanın Azərbaycanda dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayətini Avropa İnsan Haqları Məhkəməsinə təqdim etməsinə imkan verməməkdir" , sənəddə deyilir.
Partiya hesab edir ki, dövlət qeydiyyatına alınmaması müstəqil mövqeyi və siyasi hakimiyyətlə sövdələşməyə gedib onların nəzarətində verilən təlimatlarla cızdığı çevrədə fəaliyyət göstərməməsi ilə əlaqədardır.
ADR Partiyası bəyan edir ki, "Partiyanın nə qeydiyyat, nə də fəaliyyət məsələsi siyasi müzakirə predmeti ola bilməz. Partiyanın qeydiyyata alınmaması siyasi hakimiyyətin ADR Partiyasının böyüməsinin əngəllənməsi planının tərkib hissədir".
Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılmış Demokratiya və Rifah Hərəkatının bazasında 2021-ci il oktyabrın 17-də təsis edilib. Təşkilata iqtisad elmləri doktoru Qubad İbadoğlu rəhbərlik edir.
Ədliyyə Nazirliyi artıq dördüncü dəfə ADR Partiyasının dövlət qeydiyyatına alınmaq üçün təqdim etdiyi sənədləri çatışmazlıqlar səbəbi ilə geri qaytarıb.