Accessibility links

Ədliyyə Nazirliyi ADR Partiyasını dövlət qeydiyyatına almaqdan imtina edib


ADR Hərəkatı
ADR Hərəkatı

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasını dövlət qeydiyyatına almaqdan imtina edib.

Bu barədə fevralın 28-də bu partiyanın yaydığı məlumatda bildirilir.

Partiyanınn açıqlamasına görə, səbəb kimi onların təqdim etdiyi sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrin imzasının olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətlərinin nəzərdə tutulmaması göstərilir.

ADR-dən verilən məlumata görə, nazirliyin bu iddiası əsassızdır, lazımı məlumatlar qeydiyyat üçün verilmiş sənədlərdə əksini tapıb.

Azərbaycan Demokratiya və Rifah Partiyası hesab edir ki, imtina ilə nazirlik onlara qanuni fəaliyyət üçün şərait yaratmaq istəmədiyini nümayiş etdirir.

Azərbaycan Ədliyyə Nazirliyindən partiyanın bu açıqlamasına hələlik münasibət almaq mümkün olmayıb.

Ancaq rəsmilər Azərbaycandakı siyasi partiyalara lazımı imkan və şəraitin yaradıldığını deyirlər.

2020-ci ildə Azərbaycanda iqtidarla müxalifətin arasında siyasi dialoqun yeni mərhələsinin başlanması elan olunub.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevin 49 siyasi partiya rəhbəri ilə görüş keçirdiyi açıqlanıb.

O bildirib ki, iqtidar-müxalifət dialoqu bütün digər məsələlərlə yanaşı, ilk növbədə, dövlətin inkişafına xidmət etməlidir.

ADR-in təsis qurultayı 2021-ci ilin oktyabrında keçirilib. 2021-ci il noyabrın 11-də onun qeydiyyat sənədləri Ədliyyə Nazirliyinə təqdim edilib.

ADR 2014-cü ildə hərəkat kimi yaradılıb. Partiyanın sədri Qubad İbadoğludur.

XS
SM
MD
LG