Oktyabrın 7-də Azərbaycan Rifah Partiyası (ADR) Rusiya Səfirliyinin önündə "işğalçı rus ordusu, Qarabağdan çıx!" adlı aksiya keçirməyə cəhd edib, lakin polis əməkdaşları etirazçıların səfirliyə yaxınlaşmasının qarşısını alıb. Buna görə də aksiya Zorge parkında keçirilib. Aksiya iştirakçıları "Putin, rədd ol!", "İşğalçı rus ordusu, Qarabağdan çıx" kimi şüarlar səsləndiriblər.
ADR Partiyasının sədr müşaviri Hüseyn Məlik Rusiyanı Azərbaycan və Ermənistan arasında olan konfliktin yaradılmasında və davam etməsində günahkar görüb:
"Rus ordusu Azərbaycandan çıxmalıdır. Ukraynada qətliam törədən bir ordu Azərbaycanda sülhməramlı ola bilməz".
ADR Partiyasının Ali Məclis və Səhiyyə Komissiyasının sədri Əliş Mehdiyev hesab edir ki, Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə aldanıb.
"Vaxtilə, biz hamımız 44 günlük müharibədə İlham Əliyevin ətrafında birləşmişdik. Amma bəyannamə imzalanan gecə İlham Əliyev dedi ki," bəlkə qol çəkək artıq?". İlham Əliyev Putinə inanmışdı, inanmışdı ki, burada nəsə etmək olacaq. Ancaq çox təəssüf ki, o İlham Əliyevi də aldatdı, çünki o adam etibar ediləsi insan deyil ", deyə Mehdiyev bildirib.
Aksiyanın bəyanatında "ADR işğalçı rus qoşunlarının təxirə salınmadan Qarabağdan çıxarılmasını, Qarabağın hələ də işğaldan azad edilməmiş ərazilərinin tam və qəti şəkildə Azərbaycanın yurisdiksiyasına qaytarılmasını və eyni zamanda ölkəmizin dövlət təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə qorumaq üçün onun dost ölkələrlə hərbi-siyasi əlaqələrinin daha da sıxlaşdırılmasını, xüsusən qardaş Türkiyə Respublikası ilə hərbi-strateji ittifaqının gücləndirilməsini zəruri edir", deyə qeyd olunub:
"Odur ki, Azərbaycan Demokratiya və Rifah Partiyası bu məsələdə bizimlə həmrəy olan çoxmilyonlu Azərbaycan vətəndaşları adından işğalçı rus qoşunlarının Qarabağdan tez bir zamanda çıxarılmasını tələb edir. Azərbaycandan çıxın, evinizə gedin!".
Aksiya bitdikdən sonra Hüseyn Məlik "Putin, gedəndə özünlə İlhamı da apar" dediyi üçün polis əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb, onunla birlikdə Nizami Qaraoğlu da saxlanılıb. "Müdafiə Xətti" İnsan Haqları təşkilatının həmtəsisçisi Zəfər Əhmədovun məlumatına görə, daha sonra saxlanılanlar sərbəst buraxılıblar.
Aksiya ilə bağlı Rusiya Federasiyanın Azərbaycandakı səfirliyindən mövqe almaq mümkün olmayıb.