Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş yüksək vəzifəli şəxslərini uzun müddətə həbsə məhkum edib.
Məhkəmənin hökmünə əsasən, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi olmuş Vüsal Ələkbərov 11 il 2 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Hökmdə, həmçinin Şıxəliyevin özünün və ailə üzvlərinin adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Məhkum edilən digət şəxslərin də əmlakları müsadirə edilib.
2022-ci il iyulun 26-da dövlət ittihamçısı Mövlam Şixəliyevin 14 il, Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12 il, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı Mövlam Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş ümumilikdə bazar qiyməti 9 milyon manatdan çox dəyərləndirilən daşınmaz əmlakların müsadirə edilməsini məhkəmədən xahiş edib.
2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizləmələrindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Daha sonra 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.
Həbs edilənlər fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub.
Baş Prokurorluğun 2016-cı ildə "MTN işi" ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
Məhkəmələr ləğv edilmiş MTN-nin bir sıra vəzifəli şəxsləri haqqında hökmlərini elan edib. Bir qism vəzifəli şəxslərin isə məhkəməsi hələ də davam edir. Bununla yanaşı, 2020-ci ilin aprelində prezidentin koronavirusla bağlı imzaladığı əfv sərəncamı ilə keçmiş MTN-nin idarə rəisləri olmuş Akif Çovdarov və Sübahir Qurbanov yaşları ilə əlaqədar əfv olunub. Onlar ictimaiyyət arasında bu cinayət işi üzrə əsas fiqurantlar kimi tanınır.
Bununla yanaşı, ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaq materiallarına görə, Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var. Zərərçəkmişlər 13 milyon dollar vəsaitlərinin əllərindən alındığını iddia edir.