Accessibility links

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin daha üç vəzifəli şəxsi barədə cinayət işi qaldırılıb


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin daha üç yüksək vəzifəli şəxsi barədə cinayət işi qaldırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, ləğv edilmiş nazirliyin tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Hər üç vəzifəli şəxs barəsində Cinayət Məcəlləsinin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bu cinayət işi üzrə əvvəllər həmçinin MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov və digər vəzifəli şəxslər də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxslər tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb və cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

Həbs edilənlər fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub.

Baş Prokurorluğun 2016-cı ildə “MTN işi” ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

2018-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev isə 12 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

Həmçinin iş üzrə təqsirləndirilən Natavan Mürvətovaya 5 il şərti cəza verilib, Elşad Əzizov, Eşqin Əliyev və Anar Şirəliyevin hər biri 3 il sınaq müddəti olmaqla azadlıqdan şərti məhrum ediliblər.

2017-ci il oktyabrın 30-da isə Bakı Hərbi Məhkəməsi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovu 12 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin hökmündə Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakının dövlətin xeyrinə müsadirə olunması da əksini tapıb. Məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.

Məhkəmənin hökmü ilə Çovdarovun tabeliyində olan köməkçiləri Səlim Məmmədov 11, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin aprelində prezidentin koronavirusla bağlı imzaladığı əfv sərəncamı ilə keçmiş MTN-nin idarə rəisləri olmuş Akif Çovdarov və Sübahir Qurbanov yaşları ilə əlaqədar əfv olunub.

XS
SM
MD
LG