Accessibility links

“MTN işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər $13 milyon dollarlarının geri qaytarılmasını tələb edir


Çərşənbə axşamı Baş Prokurorluğun binasının qarşısında ləğv edilmiş Milli Təhlükəsizlik Naziriyinin (MTN) vəzifəli şəxslərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınan bir qrup şəxs məhkəmə prosesinin ədalətli aparılmamasına etiraz edib.

Onlar həmçinin hesab edir ki, məhkəmə prosesinə sədrlik edən Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev ittiham olunanların tərəfini saxladığından dəymiş zərərin ödənilməsində problemlər yaşanacaq.

“Çünki sədrlik edən hakim zərəçəkmişlərin vəkillərinin vəsatətələrini təmin etmir, onların sözlərini yarımçıq kəsir,” zərərçəkmiş kimi tanınan Hüseyn Səfərov qeyd edib.

Səfərovun sözlərinə görə, bu iş üzrə 36 nəfər zərərçəkən kimi tanınıb. Onlardan 4-ü artıq dünyasını dəyişib.

“Mövlam Şıxaliyev (ləğv edilmiş MTN-nin idarə rəisi-red) bu iş üzrə zərərçəkənlərdən birindən 8 milyon dollar, Akif Qurbanovdan 1 milyon dollar, Nizami Kazımovdan 2 milyon dollar, mənim özümdən isə 2 milyon dollar pulu hədə qorxu ilə alıb,” Səfərov jurnalistlərə bildirib.

Zərərçəkən kimi tanınan Əfsəl Həsənəliyev 40 il hüquq mühafizə orqanlarında işlədiyini bidlirib. O təqaüdə çıxdıqdan sonra bizneslə məşğul olub.

“Məni 5 ay ləğv edilmiş MTN-nin təcridxanasında saxlayıblar. Azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. Məni məcbur etdilər ki, evimi “Unibank”a girov qoyum və pulu onlara verim,” zərərçəkmiş bildirib.

Daha sonra Əfsəl Həsənəliyev Baş Prokurorluğun binasının qarşısında özünü yandırmağa cəhd edib. Bu zaman digər zərəçəkənlər onun özünü yandıraraq intihar etməsinə imklan verməyib.

Zərərçəkənlər Baş Prokurorluğun əməkdaşı tərəfindən qəbul edilib və onlar şikayət ərizələrini təqdim ediblər.

Öz növbəsində, Baş Prokurorluğun Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, etirazçılara hakimlərin fəaliyyəti ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etmələri tövsiyyə edilib.

Bakı Hərbi Məhkəməsinin dəftərxanasının müdiri Mehdi Cəfərov isə Amerikanın Səsinə deyib ki, məhkəmə ədalətli aparılır.

“Bu cinayət işi hələ məhkəmə baxışındadır, məhkəmə hökm çıxarmayıb. Məhkəmənin hökmü olduqdan sonra narazı tərəf hökmdən yuxarı məhkəmə instansiyasına şikayət verə bilər,” o qeyd edib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizləmələrindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

Həbs edilənlər fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub.

Baş Prokurorluğun 2016-cı ildə “MTN işi” ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Məhkəmələr ləğv edilmiş MTN-nin bir sıra vəzifəli şəxsləri haqqında hökmlərini elan edib. Bir qism vəzifəli şəxsləırin isə məhkəməsi hələ də davam edir. Bununla yanaşı, 2020-ci ilin aprelində prezidentin koronavirusla bağlı imzaladığı əfv sərəncamı ilə keçmiş MTN-nin idarə rəisləri olmuş Akif Çovdarov və Sübahir Qurbanov yaşları ilə əlaqədar əfv olunub. Hansı ki, onlar ictimaiyyət arasında bu cinayət işi üzrə əsas fiqurantlar kimi tanınır.

Mövzuya uyğun

XS
SM
MD
LG