Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycan Xarici İşlər Nazirliyinin şərhinə cavab verib


Dövlət Departamenti Filip Rikerin Minsk Qrupunun həmsədri təyin edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin şərhinə münasibət bildirib.

Avqustun 25-də Dövlət Departamentində ənənəvi brifinqdə Turan İnformasiya Agentliyinin müxbirinin sualının cavabında Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib ki, Dövlət katibi Cənubi Qafqazda sülhün təşviqinə sadiqliyimizi vurğulamaq üçün səfir Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib.

“Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün Azərbaycan və Ermənistan arasında ikitərəfli, çoxtərəfli qaydada və həmfikir tərəfdaşlarla əməkdaşlıq çərçivəsində birbaşa dialoqun aparılmasına sadiqik. Onun seçimi Cenevrə Beynəlxalq Müzakirələrinə sadiqliyimizi vurğulayır, burada biz Rusiya ilə 2008-ci ildə atəşkəs çərçivəsində götürdüyü öhdəliklərə görə cavabdehliyimizi davam etdirəcəyik. Həmçinin, diplomatik müşavir rolunun bir hissəsi olaraq, səfir Riker həm ATƏT-in Minsk Qrupunda, həm də qeyd etdiyim kimi, Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ-ı təmsil edəcək,” o qeyd edib.

Avqustun 24-də ABŞ Dövlət Katibi Antoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin etdiyini bildirib.

"Səfir Riker bu vəzifədə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcı danışıqçısı kimi fəaliyyət göstərəcək," dövlət katibi qeyd edib.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdyllayeva bildirib ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur.

Abdullayeva bildirib ki, Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub.

“Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir,” Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG