Accessibility links

Azərbaycan və NATO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub


Ceyhun Bayramov və Yens Stoltenberq
Ceyhun Bayramov və Yens Stoltenberq

İyulun 19-da Brüssel şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və NATO Baş katibi Yens Stoltenberqin görüşü olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnun olduğunu bildirib.

"Nazir ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub. Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə Alyans rəsmisinə məlumat verib. Bu kontekstdə azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların bərpa-quruculuq işlərinə və məcburi köçkünlərin geri qayıtmasına maneə yaratdığı vurğulanıb. Eyni zamanda, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesi çərşivəsində müxtəlif istiqamətlər üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib və bununla əlaqədar fikir mübadiləsi aparılıb" , məlumatda qeyd edilir.

Mətbuat Xidməti İdarəsi bildirir ki, NATO Baş katibi Yens Stoltenberq Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edib, Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib.

Baş katib, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu məmnunluqla vurğulayıb.

Azərbaycan-NATO əlaqələri

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1997-ci ilin noyabr ayının 14-də prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

"Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək, strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir" , Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir.

Azərbaycan sülhməramlıları NATO qüvvələri tərkibində Kosovoda və Əfqanıstanda sülh yaratmaqda iştirak edib.

Əməkdaşlıq dövründə Azərbaycan NATO-nun çoxsaylı təlimlərində, treyninqlərində, təhsil və digər proqramlarında iştirak edib, NATO-nun Azərbaycanda onlarla tədbirləri keçirilib. Çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirlməsində iştirak edib.

Azərbaycanda dəfələrlə NATO həftəsi keçirilib, NATO yay məktəbləri təşkil edilib.

XS
SM
MD
LG