Accessibility links

Azərbaycan-NATO əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb


Zakir Həsənov NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru ilə görüşüb
Zakir Həsənov NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru ilə görüşüb

Aprelin 17-də müdafiə naziri Zakir Həsənov Bakıda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Yan Broeks ilə görüşüb.

NATO rəsmisinin səfəri Azərbaycan-NATO əlaqələrinin 25 illiyinə təsadüf edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə naziri NATO ilə əlaqələrin çoxşaxəli olduğunu bildirib.

Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları və layihələri çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib və əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Müdafiə Nazirliyinin məlumatından sitat

Həsənov NATO-nun ölkəsinin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb.

Yan Broeks də öz növbəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən Azərbaycan zabitlərinin hazırlığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları və layihələri çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib və əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycannın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Belə ki, Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1999-cu ilin sentyabrından Azərbaycanın sülhməramlı taqımı Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatda iştirak edib.

Hazırda Azərbaycan sülhməramlıları NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratmada iştirak edir.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Əməkdaşlıq dövründə Azərbaycan NATO-nun çoxsaylı təlimlərində, treninqlərində, təhsil və digər proqramlarında iştirak edib, NATO-nun Azərbaycanda onlarla tədbirləri keçirilib. Çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirlməsində iştirak edib.

“Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapıb,” bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin NATO ilə əməkdaşlığı əks etdirən məqaləsində deyilir.

Azərbaycanın müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri Milli Təhlükəsizlik Konsepsiyasında (2007), habelə həmin konsepsiyanın hərbi təhlükəsizliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi Doktrinada (2010) əks olunur.

“Müdafiə və təhlükəsizlik sahəsində islahatlarda əsas məqsəd NATO-nun ekspertiza xarakterli yardımı və NATO standartlarının tətbiqi ilə mülki-demokratik nəzarət altında, effektiv və ölkənin ehtiyaclarına uyğun ölçüdə müdafiə və təhlükəsizlik sektorunu inkişaf etdirməkdir,” Azərbaycannın Hərbi Doktirinasında deyilir.

Bununla yanaşı, ölkə müxalifəti və bir sıra ekspertlər Rusiyanın təzyiqləri fonunda Azərbaycanın NATO ilə əlaqələrini daha geniş spektrdə həyata keçirmədiyinii bildirir və hökumətin siyasətini tənqid edir. Müxalifət qüvvələri Azərbaycan hökumətini NATO ilə daha aktiv əlaqələrə səsləyir.

XS
SM
MD
LG