Accessibility links

NATO Xüsusi Əməliyyatlar Qərargahının komandanı Azərbaycanda səfərdədir


İyulun 3-də Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Azərbaycanda səfərdə olan NATO Xüsusi Əməliyyatlar Qərargahının komandanı Kolin Kilreynin arasında görüş olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Kilreyn Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda Azərbaycan sülhməramlılarının peşəkarlığını yüksək dəyərləndirib.

Mətbuat xidməti bildirir ki, tərəflər Azərbaycan və NATO-nun xüsusi təyinatlı qüvvələri arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

Azərbaycannın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Belə ki, Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1999-cu ilin sentyabrından Azərbaycanın sülhməramlı taqımı Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatda iştirak edib.

Hazırda Azərbaycan sülhməramlıları NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratmada iştirak edir.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Əməkdaşlıq dövründə Azərbaycan NATO-nun çoxsaylı təlimlərində, treyninqlərində, təhsil və digər proqramlarında iştirak edib, NATO-nun Azərbaycanda onlarla tədbirləri keçirilib. Çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirlməsində iştirak edib.

XS
SM
MD
LG