Avropa Məhkəməsi Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)

Avropa İnsan Hüquqları Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb. Bu barədə Amerikanın Səsinə jurnalistin vəkili Fariz Namazlı bildirib.

Şikayətlər AİHM-ə 26 sentyabr 2013-cü il və 31 iyul 2014-cü ildə göndərilib. Əsasən söhbət X.İsmayılovanın hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ) maddəsinin, 10-cu (fikri ifadə etmək azadlığı) maddəsinin, 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) və 8-ci maddələri ilə birgə götürülməklə 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə vasitələri hüququ) pozulmasından gedir.

2012-ci il martın 14-də X.İsmayılovanın evində quraşdırılmış gizli video kamera ilə çəkilən intim həyatına dair görüntülər İnternet saytlarında yayılıb. Bundan sonra "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetləri onun əleyhinə məqalələrlə çıxış edib.

2012-ci il aprelin 26-da Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğu məlumatla çıxış edərək X.İsmayılovanın şəxsi həyatına dair bilgiləri açıqlayıblar.

2012-ci il martın 15-də Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanılıb. Lakin istintaq nəticə verməyib. X. Ismayılova bütün faktlardan şikayət verib, lakin məhkəmə iddiaları təmin etməyib.

2014-cü ilin dekabrında X.İsmayılova həmkarı Tural Mustafayevi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib. Sonradan bu ittiham götürülüb, lakin jurnalist vergidən yayınmada və vəzifə səlahiyyətini aşmaqda ittiham olunaraq 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Amnesty İnternational" Xədicə İsmayılovanı "vicdan məhbusu" elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Fransa Azərbaycanı jurnalistin azad edilməsinə çağırıb.