Accessibility links

ABŞ konqresmeni Azərbaycan rəsmilərinə qarşı sanksiyalar aktı hazırlayıb [Video]


Kris Smit: "Ümid edirəm ki, 'Azərbaycan Demokratiya Aktından' sonra prezident öz əməllərinə yenidən nəzər salacaq və siyasi məhbusları azad edəcək."
please wait

No media source currently available

0:00 0:04:44 0:00

Kris Smit: "Ümid edirəm ki, 'Azərbaycan Demokratiya Aktından' sonra prezident öz əməllərinə yenidən nəzər salacaq və siyasi məhbusları azad edəcək."

Dekabrın 16-da ABŞ Konqresinin Helsinki Komissiyası “Azadlıq Radiosunun müxbiri Xədicə İsmayılovanın Azərbaycan höküməti tərəfindən təqibə məruz qalması” adlı dinləmə təşkil etdi. Dinləmənin məramı ABŞ-ın Azərbaycanda insan haqlarının durumunu yaxşılaşdırmaq, xüsusilə də Xədicə İsmayılovanın azadlığa buraxılması üçün kifayət qədər səy göstərib-göstərmədiyini müəyyən etmək idi. Dinləmədə Azadlıq Radiosunun vitse-prezidenti Nenad Pejic, Sərhədsiz Reportyorlar təşkilatının ABŞ bürosunun direktoru Delfin Halqand, Amnesty International təşkilatının Beynəlxalq Müdafiə direktoru T. Kumar və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının siyasi müşaviri Şelli Han şahid qismində Konqres üzvləri qarşısında ifadə verdilər.

"Dövlət Departamenti Xədicə İsmayılovanın azadlığa buraxılmaq məsələsini prioritetə çevirməlidir," deyə konqresmen Smit ABŞ administrasiyasını Azərbaycanda insan haqlarının durumu ilə bağlı real addımlar atmağa çağırdı.

Kris Smit
Kris Smit

Helsinki Komissiyasına sədrlik edən Nyu-York ştatının nümayəndəsi Kris Smit bildirdi ki, ABŞ-ın Azərbaycanla ortaq maraqları olsa da, Azərbaycanda insan haqları sahəsindəki pozuntular iki ölkə arasındakı əməkdaşlığa mane olur. Onun sözlərinə görə İlham Əliyev hökümətinə sərt mesaj göndərməyin vaxtı çatıb və elə bu səbəblə də cənab Smit “2015 Azərbaycan Demokratiya Aktı” adlı sanksiyalar qanunu tərtib edib. O, bu aktı yaxın zamanlarda Konqresə müzakirə və təsdiq üçün təqdim edəcək.

"Azərbaycan höküməti bu adamları həbs etməklə Qərblə münasibətlərə də, öz xalqına da ziyan vurub," deyə konqresmen bəzi siyasi məhbusların adlarını sadalayıb.

Bu qanun layihəsi Azərbaycan hökümətinin yüksək vəzifəli rəsmilərinə, təhlükəsizlik və ədliyyə sisteminin işçilərinə, onların yaxın qohumlarına, habelə onlarla iş birliyindən yüksək maliyyə gəlirləri əldə edən şəxslərə ABŞ vizasının verilməməsi də daxil sanksiyaların tətbiqini nəzərdə tutur.

Azərbaycan höküməti bu adamları həbs etməklə Qərblə münasibətlərə də, öz xalqına da ziyan vurub.
Kris Smit

Bundan əlavə sanksiyalara maliyyə yardımının dayandırılması, yüksək vəzifəli şəxslər və ailə üzvlərinin maliyyə vəsaitlərinin dondurulması da daxildir. Bu sanksiyalar yalnız Azərbaycan höküməti siyasi məhbusları azad edərsə, vətəndaş cəmiyyətinin fəaliyyətinə maneəçilik törətməzsə, azad və ədalətli seçki prosesində əhəmiyyətli irəliləyiş nümayiş etdirərsə, aradan qaldırıla bilər.

Dinləmədə həmçinin Helsinki Komisiyasının sabiq sədri senator Ben Kardin də iştirak edirdi. O, Azərbaycandakı vəziyyətin faciəvi olduğunu və təqiblərin böyük narahatlıq doğurduğunu bildirdi.

Xədicənin jurnalist olaraq Azərbaycanda korrupsiyanın aşkar edilməsi istiqamətindəki fəaliyyətini vurğulayan senator Kardin Azərbaycan hökumətinin jurnalistə qarşı təqiblərini qəbuledilməz adlandırdı. "Korrupsiya demokratiyaya xələl gətirir. Biz Azərbaycanda bunun qarşısını almaq üçün bütün imkanlardan istifadə etməliyik."

Robert Aderholt
Robert Aderholt

Komissiya qarşısında ilk ifadə verən Nenad Pejic Azadlıq Radiosunun eləcə də Xədicə İsmayılovanın Azərbaycandakı fəaliyyətindən söz açdı. O, Xədicənin məhkəmə işinin qurama olduğunu bildirdi. Azərbaycan hökümətinin beynəlxalq və müstəqil medianın fəaliyyətini məhdudlaşdırmaq istiqamətində atdığı sərt addımlara baxmayaraq Azadlıq Radiosunun öz işini davam etdirdiyini dedi.

"Xədicəyə qarşı iş büsbütün quramadır. Azərbaycan höküməti Azadlıq Radiosunu təqib edib," deyə cənab Pejic bildirdi.

Sərhədsiz Reportyorlar təşkilatından Delfin Halqand da Azərbaycanda Azadlıq Radiosu daxil olmaqla digər mətbuat orqanları və jurnalistlərə qarşı aparılan təqiblərdən danışdı. O, son 10 il ərzində Azərbaycanda dörd jurnalistin öldürüldüyünü, amma onların cinayət işlərində heç bir irəliləyişin əldə olunmadığını qeyd etdi. Xanım Halqand "Demokratiya Aktını" dəstəkləyərək viza sanksiyalarını tətbiq etməklə Azərbaycan hökümətinə ABŞ-ın bu cür təqibləri qəbul etmədiyini göstərməyin zərurətini vurğuladı.

Korrupsiya demokratiyaya xələl gətirir. Biz Azərbaycanda bunun qarşısını almaq üçün bütün imkanlardan istifadə etməliyik.
Ben Kardin

Amnesty International təşkilatından cənab T. Kumar Xədicə İsmayılovanın həbsindən öncə məruz qaldığı təqiblərdən, onun bu təzyiqlərə və şantajlara boyun əyməməsindən, xanım jurnalistin cəsarətindən bəhs etdi. Onun sözlərinə görə, ABŞ Azərbaycanla bağlı daha konkret addımlar atmalıdır, çünki bəyanatların heç bir təsiri olmur. Cənab Kumar təklif etdi ki, ABŞ prezidenti Barak Obama Xədicə İsmayılovanın ailəsini ABŞ-a dəvət edib onlarla görüşməlidir. O, həmçinin ABŞ səfirinin siyasi məhbuslar və onların ailələri ilə görüşməsinin vacibliyini vurğuladı.

Helsinki Komissiyası
Helsinki Komissiyası

Dinləməyə daha sonra qatılan konqresmen Robert Aderholt “ABŞ-ın Azərbaycanla mehriban münasibətlər saxmalaq istədiyini, amma Amerika xalqının orada baş verən hadisələrdən narahat olduğunu" bildirdi.

Komissiya sədri Smit dinləməni ABŞ istiqlal bəyannaməsinin əsas müəllifi Tomas Ceffersonun bu sözləri ilə bitirdi: “Əgər mən qəzetsiz hökümət və yaxud hökümətsiz qəzet arasında seçim etməli olsaydım, mən bir saniyə belə düşünmədən ikincisini seçərdim.”

XS
SM
MD
LG