Vahid Qarabağlı: İranda siyasi məhbuslar belə ayrı-seçkiliyə məruz qalır [Audio]

Vahid Garabaghli


İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyi (ADAPP) sözçüsünün fikrincə, ölkədə fərqli qruplardan olan siyası məhbuslara münasibətdə belə ayrı-seçkilik tətbiq edilir. İranın Azərbaycan şəhərlərində baş verən yeni həbslər və milli fəallara qarşı çıxarılan hökmlər haqda Amerikanın Səsinə müsahibə verən Vahid Qarabağlı həmçinin islahatçıların dəstəklədiyi mötədil siyasətçi Həsən Ruhaninin İranda prezident seçilməsinin siyasi məhbuslar və insan haqları ilə bağlı durumuna təsiri haqda fikirləri ilə bölüşüb.

Your browser doesn’t support HTML5

Vahid Qarabağlı ilə müsahibə



“Ötən həftələrdə təbrizli fəallar Bəhram Axuni, Məcid Sefidani və Nasir Kazımpur İranın təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Məhbusların ailələrinin onların harada saxlandıqları ilə bağlı məlumatı yoxdur,”-deyə Vahid Qarabağlı qeyd edib.

O, həmçinin Azərbaycan Respublikası vətəndaşı ədəbiyyatçı Xalidə Xalidin həbsi ilə əlaqədar tutulan Məhəmməd Rəşidinin (Oxtay) 100 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmasını, ancaq həmin məsələ ilə bağlı həbs edilən yazar və şair İlqar Müəzzinzadənin hələ də Təbriz zindanında saxlandığını bildirib. Cənab Müəzzinzadə təqribən 50 gün Ettelaat həbsxanasında keçirdikdən sonra Təbrizin mərkəzi zindanına göndərilib.

Təbriz zindanına aparılan digər milli fəal isə zəncanlı Mehrdad Kərəmidir. O, zindanda daha əvvəl məhkum olduğu bir il həbs müddətini keçirəcəkdir.

Cənab Qarabağlı İranın prezident seçkilərindən sonra Təbrizdə nəzarət altına alınan Arəş Məhəmmədinin təhlükəsizlik məmurları tərəfindən içgəncəyə məruz qaldığı barədə xəbərlər yayıldığını qeyd edib.

ADAPP sözçüsü İranın Xuzistan vilayətinə sürgün edilən təbrizli milli fəal Fərdin Muradpurun bir il sürgündə yaşamaq hökmünün ləğv edildiyi ilə bağlı yayılan xəbərləri təsdiq edib.
Hüquq müdafiəçisi İranın yeni prezidenti Həsən Ruhaninin siyasi məhbusların azadlığına dair verdiyi sözlərə görə fikirlərini Amerikanın Səsi ilə bölüşüb.

“Cənab Ruhanı gələcək bir ilin içində bəzi siyasi məhbuslar, o cümlədən, 2009-cu il prezident seçkilərindən sonra tutulanların azadlığa buraxılacağı ehtimalından danışıb. Ancaq buna da diqqət etmək lazimdir ki, İran zindanlarında etnik və diniz azlıqlar, qadın hüquqları fəalları, vəkillər və öyrəncilər kimi bir çox geniş və fərqli qruplardan olan əqidə məhbusları vardır. Həsən Ruhaninin bütün bu siyasi məhbuslar ya sadəcə islahatçı məhbuslardan danışdığı bəlli deyil,”- deyə o söyləyib.

Vahid Qarabağlının sözlərinə görə, İranda siyasi məhbuslar məsələsində belə ayrı-seçkiliklər tətbiq edilir: “Misal üçün səkkiz illik həbs müddətini Tehranın Evin zindanında çəkməkdə olan zəncanlı jurnalist və hüquq müdafiəçisi Səid Mətinpura, dörd ildən artıqdır həbsdə olmasına baxmayaraq, bir gün belə məzuniyyət verilməmişdir. Amma biz islahatçı və onlara yaxın olan siyasi məhbusların zaman zaman məzuniyyətə getdiklərini görürük.”