Qərbi Azərbaycanın paytaxtı Urmiyə şəhərində Urmiyə gölünün quruması ilə bağlı keçirilən etiraz numayişlərində tutulanlardan 150 nəfər azad edilib. Bu barədə yerli sakinlər bildirib.
Ancaq, xəbər rəsmi və müstəqil xəbər agentlikləri tərəfindən təsdiqlənməyib və İran rəsmiləri bu barədə hər hansı məlumat vermir. Tutulan fəallar Şərqi və Qərbi Azərbaycan radio və televiziyalarında təhqir edilir. Digər tərəfdən isə azərbaycanlı siyasi, mədəni və ətraf-mühit fəalları iddia edir ki, avqustun 27-dəki etiraz nümayişlərində 300-dən çox adam tutulub.
Xəbərlərdə bildirilir ki, nümayişi dağıtmaq üçün Urmiyə polisi gözyaşardıcı qaz, odlu silah və dəyənəklərdən istifadə edib. Iddia olunur ki, tutulanların bir hissəsi yaralananlardır. Onlar xəstəxanada müalicə olunarkən tutulub. Fransada yaşayan, əslən İrandan olan sosioloq Səyid Peyvəndi iddia edir ki, Urmiyə gölü Şərqi və Qərbi Azərbaycanlılar üçün kimlik məsələsidi və bu etirazların kökündə siyasi və ictimai məsələləri tapmaq olar: “Məhz, bu səbəbdən azərbaycanlıların reaksiyası həddən artıq güclü olub. Əslində, azərbaycanlılar ədalətsizliyin qarşısında etirazlarını bildirir”.
Bu arada, azərbaycanlılar sentyabrın 3-də İranın Azərbaycan şəhərlərində aksiyaları davam etdirməyi planlaşdırır. Onlar ümid edir ki, prezident Mahmud Əhmədinejad etiraz nümayişlərindən sonra Qərbi Azərbaycana nəzərdə tutulan səfəri zamanı Urmiyə gölünə su gətirmək layihəsinə diqqət ayıracaq. Amma, İran prezidentinin mövqeyi azərbaycanlıların aksiyaların davam etdirilməsi ilə bağlı çağırışlarını dayandırmayıb.