Bu gün Azərbaycanın gənclər təşkilatları İranın Bakıdakı səfirliyi qarşısında Urmiyə gölünün qurudulmasına etiraz aksiyası keçirib.
Gənclər “Urmiya gölü can verir, Məclis onun qətlinə fərman verir!”, “Deyir: Susuzam!”, “Quzey Azərbaycan oyaqdır, Güneydəki qardaşlara dayaqdır!”, “Bütöv Azərbaycan oyan, Urmuya kömək dayan!”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” kimi şüarlar səsləndirib.
Piketin qətnaməsində deyilir ki, Güney Azərbaycanın ən böyük gölü olan Urmu gölü YUNESKO-da təbii xəzinə kimi tanınır. “Əkinə yararlı torpaqların suvarılması məqsədi ilə təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi nəticəsində göldə suyun səviyyəsi 7 metr aşağı düşüb. Bu göstərici kritik normadan 2 metr aşağıdır. Eyni zamanda, gölün 150 hektar ərazisi artıq duz səhrasına çevrilib. Mütəxəssislər tədbir görülməzsə 6-7 ilə gölün suyunun bütövlükdə quruyacağı ilə bağlı xəbərdarlıq edir”.
Sənəddə bildirilir ki, 102 adası olan Urmiya gölü flaminqo, ağ pelikan kimi köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın qiymətli və nadir su canlılarından olan artmianın yaşayış məskənidir. Ekoloji qeydiyyata görə göldə 546 adda bitki mövcuddur.
Bəyanatda həmçinin İranda gölün qurumasına etiraz edən azərbaycanlıların həbs edildiyi bildirilir. “Etiraz edən soydaşlarımız kütləvi şəkildə həbs olunur, xeyli sayda yaralı və şəhid olanlar var. Biz də Quzey Azərbaycan gəncliyi olaraq Güney Azərbaycan türklərinin son dərəcə əhəmiyyətli təşəbbüsün dəstəkləyirik. Millətimiz bu etirazlara qoşulmağa çağırırıq. İran hakimiyyətinin azərbaycanlılara qarşı apardığı irqçi və qeyri-insani siyasətinə son qoyulmasını və tələblərin yerinə yetirilməsini tələb edirik”, - deyə sənəddə qeyd edilir.
Aksiyada polislə ciddi qarşıdurma olmayıb. Polis aksiya iştirakçılarına səfirliyin qarşısına qədər irəliləməyə imkan verməyib. Amma iştirakçılar bəyanatlarını oxuyub və səfirliyə təqdim ediblər.