Türkiyədə Qarabağ qazisinin ölümünə etiraz aksiyası keçirilib

Türkiyənin Mersin şəhətində aksiya (Foto Güray Sarının Facebook səhifəsindən götürülüb)

Aksiya iştirakçıları günahkarların cəzalandırılmasını tələb edib
Türkiyənin Mersin şəhərində yerli Azərbaycan Mədəniyyət Dərnəyi və tələbələr Azərbaycanda özünü yandıraraq intihar etmiş Qarabağ qazisi Zaur Həsənovun ölümünə etiraz olaraq aksiya keçirib. Aksiya “İlham Əliyev, bunlar sənin əsərin, qazilərimi yandırma!” şüarı altında keçirilib.

Etiraz aksiyasının iştirakçıları qazinin ölümündə Azərbaycan hakimiyyətini günahlandırıb və qazini ölüm həddinə çatdıranların cəzalandırılmasını tələb edib.

II qrup Qarabağ Müharibəsinin əlili Zaur Həsənov dekabrın 28-də vəfat edib.

Zaur Həsənov 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alındığına görə dekabrın 25-də özünü yandırıb. Onun bədəninin 60-65%-i, nəfəs yollarının 20%-i yanıb.

Veteran iddia edirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev alıb.

Deputat iddiaları qəbul etmir və həmin obyektin uçurulması ilə bağlı üç məhkəmə instansiyasının qərarı olduğunu bildirir.