Sulutəpədəki qarşıdurma ilə bağlı istintaq davam edir (VİDEO)

Azərbaycan Dövlət Neft Şirkəti jurnalist İdrak Abbasovun döyülməsini pislədiyini bildirib.

Sulutəpədə baş verən hadisələrlə bağlı Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq törədilməsi) cinayət işi qaldırılıb. Cinayət işinin istintaqını Binəqədi Rayon Polis idarəsi aparır.
Müstəntiq Kərim Xələfov Amerikanın Səsi radiosuna bildirib ki, istintaq işləri intensiv olaraq davam etdirilir, iş üzrə 10 ekspertiza təyin edilib. Zərərçəkənlərin dindirilməsi davam etdirilir.
Onun sözlərinə görə, jurnalist İdrak Abbasovu xəstəxanadan çıxandan sonra dindiriləcək. “İdrak Abbasov hadisə zamanı xəsarət alıb. İstintaq onu zərərçəkmiş kimi tanıyacaq”, - o qeyd edib.
Öz növbəsində, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Hüquq İdarəsinin rəisi Eldar Orucov Amerikanın Səsi radiosunun sualının cavabında aprelin 18-də Sulutəpə qəsəbəsində sakinlərlə baş verən qarşıdurmanı araşdırmaq üçün komissiyanın yaradıldığını bildirib. O, ARDNŞ-nin hadisə zamanı jurnalist İdrak Abbasovun döyülməsini pislədiyini bildirib. “ARDNŞ jurnalistə fiziki zorakılıq edənlərin cəzalandırılmasında maraqlıdır”, - o qeyd edib.
Hazırda xəstəxanada yataq rejimində müalicəsini davam etdirən İdrak Abbasov isə Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, çəkiliş apararkən ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən döyülüb. Jurnalistin iki qabırğası sınıb, beyni silkələnib, kəllə-beyin travması alıb, bədəninin müxtəlif nahiyələrində əzilmələr var.