Siyasi məhbusların vahid siyahısı adlı hesabat açıqlanıb

Siyasi məhbuslar (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)

Siyahıya 98 nəfər daxildir

İşçi Qrupu “Azərbaycanda siyasi məhbusların vahid siyahısı” adlı hesabat yayıb.

Bu hesabat tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, Rəsul Cəfərov, ekspertlər, hüquqşünaslar, hüquq müdafiəçiləri və ictimai xadimlərin daxil olduğu İşçi Qrupunun iştirakı ilə hazırlanan birgə siyasi məhbuslar siyahısından ibarətdir.

Eyni zamanda sənədə imza atan QHT təmsilçiləri, hüquqşqnas və vəkillərin vahid mövqeyini əks etdirir. Siyahıda 98 siyasi və vicdan məhbusunun adı, işləri üzrə məlumatlar əks edilib. Yeni siyasi məhbuslar meydana gəldiyi halda siyahının yeniləcəyi qeyd olunur.

Sənəd siyasi işlərə çıxan vəkil, hüquqşünaslar və hüquq müdafiəçiliyi ilə məşğul olan QHT təmsilçisi olan 28 nəfər tərəfindən imzalanıb.

Hesabatı hazırlamaqda məqsəd ölkədə günü-gündən dərinləşən siyasi məhbus probleminin həllinə nail olmaqdır. 2013-cü il yanvarın 23-də AŞPA-da “Azərbaycanda siyasi məhbus məsələsinə baxış ” Qətnaməsi qəbul olunmadıqdan sonra siyasi məhbusların sayı kəskin artıb. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsinə baxmayaraq durum müsbətə doğru dəyişməyib.

Hesabat 12 avqust 2014-cü il tarixinə qədər siyasi motivli ittihamlarla həbs edilən, azadlıqdan məhrum edilən və göstərilən tarixə qədər azadlığa buraxılmayan siyasi məhbusların işləri əsasında hazırlanıb. Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib.

Hesabat hazırlanarkən siyasi məhbus məsələsi ilə məşğul olan çoxsaylı yerli və beynəlxalq qurumlarla məsləhətləşmələr aparılıb. Nüfuzlu beynəlxalq insan haqları qurumlarının hesabatları, Azərbaycanın üzvü olduğu və qarşısında öhdəlikləri olan təşkilatların, xüsusən də AŞ-nın uyğun sənədləri öyrənilib. Mətbuatın monitorinqi aparılıb, məhkəmələrin müşahidəsi həyata keçirilib, məhkəmə hökmləri və digər hüquqi sənədlər təhlil edilib, hesabata daxil edilən siyasi məhbusların vəkilləri və ailə üzvləri, müdafiə komitələri ilə görüşlər təşkil edilib.

Hesabat hər bir siyasi məhbus barədə detallı məlumatları, həmçinin hər bir həbsin əsl səbəblərini, bu zaman yol verilmiş qanun pozuntularını, siyasi məhbusların fotoşəkillərini özündə əks etdirir.

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını bildirir. Prezident İlham Əliyev bu ilin iyununda Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı da Azərbaycanda siyasi məhbus olmadığını bildirib.

Bununla yanaşı Amnesty İnternational hüquq müdafiə təşkilatı Azərbaycanda 20-dən çox insanı vicdan məhbusu elan edib.