Siyasi məhbus problemi müzakirə edilib

“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının toplantısı

İlin əvvəlindən siyasi məhbus siyashısı daha 40 nəfər artıb
Son vaxtlar Azərbaycanda siyasi, vətəndaş fəallarına, jurnalistlərə və öz hüquqlarını müdafiə etmək üçün etiraz aksiyalarında iştirak edən digər şəxslərə qarşı repressiyalar güclənib. Bu barədə mayın 3-də keçirilən dinləmələrdə “Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının koordinatoru Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, ilin əvvəllərindən Azərbaycanda 40-a yaxın siyasi məhbus yaranıb.

“Bu, “Binə” ticarət mərkəzinin sahibkarına qarşı etiraz aksiyasının iştirakçıları, İsmayıllı hadisələri ilə əlaqədar həbs edilənlər, o cümlədən ReAl hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, NİDA hərəkatının fəalları, dindarlardır.

Bundan başqa, hakimiyyət mitinqlərdə iştiraka görə cəzanı 2 ayadək inzibati həbslə sərtləşdirir, İnternetdə diffamasiyaya görə cinayət cəzası müəyyən edir”.
Gülalıyev həmçinin hesab edir ki, mayın 7-də qəbul ediləcəyi gözlənilən amnistiya ümidləri doğrultmur.

“Bu akt siyasi məhbuslar problemini həll etmir. Bundan başqa, İsmayıllı hadisələri ilə bağlı həbs edilənlərin ittihamları ağırlaşdırılıb ki, onlar əfv altına düşməsin”, koordinator belə hesab edir.

Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı deyib ki, hakimiyyət repressiyaları gücləndirir və nüfuza, etibara malik və xalqı arxasınca apara biləcək hər kəsi təcrid etməyə çalışır.

“Beləliklə onlar öz hakimiyyətini qorumaq istəyir. Bunun naminə millətin genefondunu məhv edir. Bir çox istedadlı gənclər Azərbaycanda öz gələcəyini görmədiyi üçün ölkəni tərk edir”, Hacılı bildirib.

Bununla belə, Hacılı hesab edir ki, fəalların həbsləri bütünlükdə cəmiyyəti qorxutmaq məqsədi daşıyır və buna görə cəmiyyət bu repressiyalara qarşı etiraz etməlidir.

Tədbirdə siyasi məhbusların doğmaları da iştirak ediblər.

“Səid Dadaşbəylinin qrupu” üzvlərinin anaları qeyd ediblər ki, onların övladları tamamilə uydurma ittihamla mühakimə edilib. Bu zaman onlar qrup üzvlərinin AŞPA məruzəçisi Kristof Ştrasser tərəfindən siyasi məhbus kimi tanınmasına baxmayaraq, AŞPA-nın bu qətnaməni qəbul etməməsindən təəssüflərini bildiriblər.

Görüş iştirakçılarından biri həyatını təhlükəyə ataraq Xocalının medafiəsində iştirak etmiş, müharibə veteranı Oruc Məmmədovun həbsinin ədalətsiz olduğunu qeyd edib.

Məmmədov 2003-cü il prezident seçkilərindən sonra etiraz aksiyasında iştiraka görə həbs edilib. Lakin il yarım əvvəl o, yenidən saxta ittihamla həbs edilib və fırıldaqçılıq ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

NİDA hərəkatının həbs edilmiş fəalı Zaur Qurbanlının anası Səkinə Qurbanlı bu iş üzrə həbs edilmiş 7 fəalın hamısına qarşı ittihamların əsassız olduğunu qeyd edib.

O deyib ki, oğlu ilə qürur duyur və onun həbsindən sonra NİDA hərəkatına üzv olub. Onun fikrincə, hakimiyyət həbslərlə cəmiyyətin ədaləysizliyə və özbaşınalığa qarşı müqavimətini sındıra bilməyəcək.

Müzakirələrin yekunu olaraq hökuməti bütün siyasi məhbusları azad etməyə çağıran bəyanat qəbul edilib.