Jurnalist Seymur Həzinin məhkəməsi üzrə hazırlıq iclası davam edib

Seymur Həzi

Abşeron rayon Məhkəməsində noyabrın 20-də “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” on-line verilişin aparıcısı Seymur Həzinin işi üzrə hazırlıq iclası davam edəcək.

Vəkil Adil İsmayılov Amerikanın Səsinə bildirib ki, noyabrın 11-də keçirilən məhkəmə iclasında müdafiə tərəfi həbs qətimkan tədbirinin müddətinin bitməsi ilə əlaqədar Həzinin oktyabrın 29-dan sonra həbsdə saxlanılmasının qanunsuz olduğunun etiraf edilməsi haqqında vəsatət qaldırıb. .

Daha sonra müdafiə tərəfi həbs cəzasının ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb, amma bu vəsatət də təmin edilməyib.

Həzinin vəkili həmçinin hakim Şövkət Nəcəfovaya etiraz edib. Belə ki, məhz o, bu iş üzrə ikinci fiqur Məhərrəm Həsənovun cəzasını ev dustaqlığı ilə əvəz edib.

(İttiham tərəfi bu qərara etiraz etdikdən sonra Apellyasiya Məhkəməsi yenidən Həsənovu həbs edib). Beləliklə, hakim qərəzli olduğunu nümayiş etdirib.

İclasın davamı noyabrın 20-nə təyin edilib.

Xatırladaq ki, Həzi avqustun 29-da Bakı yaxınlığında saxlanılıb. Avqustun 30-da Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, Seymur Həzi Bakı sakini Məhərrəm Həsənovun başına butulka ilə zərbə endirib və jurnalistə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə) maddə ilə cinayət işi açılıb. Sonradan Həsənov da həbs edilib, lakin bir neçə gün sonra o, ev dustaqlığına buraxılıb, daha sonra isə yenidən həbs edilib.

Hadisəyə küçədə Həziyə yaxınlaşıb facebook-da ona cavab verməməsinin izahatını tələb edən Həsənovun iradları səbəb olub. Bundan sonra Həsənov jurnalistə yumruqla hücum edib. Özünü müdafiə edən Həzi ona cavab verib və cavab zərbəsi endirib.

Qeyd edək ki, Həsənov maksimum 1 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu halda Həziyə qarşı irəli sürülən ittiham onun 3 ildən 7 ilədək həbs cəzasına məhkum edilməsini nəzərdə tutur.