Accessibility links

Vəkil: Jurnalist Seymur Həzi xuliqanlıq etməyib


"Azadlıq" qəzetinin kollektivi “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyasında Seymur Həzi
"Azadlıq" qəzetinin kollektivi “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyasında Seymur Həzi

Avqustun 30-da "Azadlıq" qəzetinin şərhçisi Seymur Həzi barəsində Abşeron Rayon Məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalist avqustun 29-da Abşeron rayon Polis Şöbəsi tərəfindən saxlanıb.

Ona qarşı Cinayət Məcəlləsiniin 221.3 ( xuliqanlıq, silahdan istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Vəkil Elton Quliyev Amerikanın Səsinə bildirib ki, insident olub.

“Biz bunu hüquqi baxımdan qiymətləndirmirik. Seymur Həzi xuliqanlıq etməyib. Burada provakasiya var. O, özünü müdafiə edib. Seymur Həziyə qarşı bu ittiham qanunsuz və əsassızdır. Həbs isə planlaşdırılmış həbsdir. Seymur həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunun düşünür”, vəkil bildirib.

Vəkil Quliyev bildirib ki, polisdə jurnalistin Ceyranbatanda bir nəfəri vurduğu üçün saxlanıldığını deyiblər.

Elton Quliyev onu da bildirib ki, həmin şəxs məhkəmədə iştirak etməyib.

Bununla belə vəkil Seymur Həzi barəsində apellyasiya şikayəti veriləcəyini istisna etməyib.

Abşeron rayon Polis Şöbəsi və prokurorluğun məlumatına görə avqustun 29-da saat 12.30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyev qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söymüb, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirib.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib, hadisənin şahidləri dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Son illər xuliqanlıq maddəsi ilə ictimai-siyasi fəallar, jurnalistlər - Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı, “Kamil Vətəndaş” Cəmiyyətinin sədri Həsən Hüseynli, PS-Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyli həbs edilib.

XS
SM
MD
LG