Keçmiş müstəntiq ev dustaqlığına buraxılıb

Yanvarın 22-də Bakının Binəqədi rayon Məhkəməsi Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı imkan tədbiri ilə əvəz edib.

Vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə Rüfət Səfərovun şikayəti əsasında keçirilib.

“Məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması barədə iddiasını təmin edib. R.Səfərov ev dustaqlığına buraxılıb”, vəkil qeyd edib.

Binəqədi Rayon Məhkəməsi yanvarın 15-də Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüçşvət alma-təkrar törədildikdə) ilə cinayət işi başlanıb.

Bundan öncə isə Rüfət Səfərov prokurorluq orqanlarından istefa verdiyini bəyan etmişdi.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, iqtidarda olan Yeni Azərbaycan Partiyasında sabiq deputat olmuş Eldar Sabiroğlunun oğludur. Sabiroğlu son zamanlar Prezident Administrasiyasının rəhbərini kəskin tənqid edirdi.