Accessibility links

Rüfət Səfərov apellyasiya şikayəti verib


Rüfət Səfərov
Rüfət Səfərov

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqinin səhhəti normallaşıb

Zərdab rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun səhhəti normaldır. Hazırda o dərmanlarını qəbul edir, təzyiqi normallaşıb. Bu barədə bu saatlarda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Səfərovla görüşən vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.

Rüfət Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi vəsifəsindən istefa verməsi barədə 2015-ci il dekabrın 21-də Baş Prokurora ərizə yazıb. O, bu addımı iqtidarda olan Yeni Azərbaycan Partiyasının fəallarından olan atası Eldar Sabiroğlunun Prezident Adminsitrasiyasının rəhbərini kəskin tənqid etməsi nəticəsində mənəvi təzyiqlərə məruz qalmasından sonra atıb.

“Ərizəmdə iki başlıca amilə üstünlük verdim. Birinci ümumi şəkildə fikrimi izah etdim ki, ölkədə tüğyan edən kütləvi hüquqsuzluq. Bu, mənim üçün qərar verməkdə başlıca rol oynadı. İkinci köməkçi və hərəkətverici qüvvə isə son zamanlar atama qarşı edilən haqsız hücumlar, təhqirlər, alçaldıcı müdaxilələr, çox pis söyüşlərlə alçaldılması və başqa hərəkətlər məni belə qərara gəlməyə məcbur etdi”, o, dekabrın 23-də istefasının səbəbini Amerikanın Səsinə müsahibəsində şərh etmişdi.

İstefa ərizəsi yazandan sonra Rüfət Səfərov prokurorluq orqanlarından uzaqlaşdırılıb, yaşadığı mənzildə axtarış aparılıb, şəxsi kompüteri götürülüb, mobil telefonuna baxış keçirilib.

2016-cı ilin yanvarın 15-də isə Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub. Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 26 gün həbs qətimkna tədbiri seçilib. Məhkəmədə Rüfət Səfərov ittihamı qəbul etmədiyini bildirib, “absurd və gülməli” adlandırıb.

İttihamın sanksiyasına görə, Səfərovu əmlakı müsadirə edilməklə 8 ildən 12 ilədək həbs gözləyir.

Vəkilin sözlərinə görə, R.Səfərov qan təzyiqinin yüksək olmasından əziyyət çəkir.

“Yanvarın 15-də Nərimanov rayon müvəqqəti saxlanma yerində Səfərovun təzyiqi yüksəlmişdi və təxirəsalınmaz tibbi yardım çağırılmışdı. Hazırda dərmanlar qəbul edir, təzyiqi normaldır”, vəkil qeyd edib.

Onun sözlərinə görə, Səfərovun 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanma şəraitindən narazılığı yoxdur.

“Rüfət Səfərov öz fikrində qalır və ittihamları qəbul etmir. İttihamları qəbul etməməsi barədə yanvarın 18-də apellyasiya şikayəti vermişik”, Bayramov bildirib.

XS
SM
MD
LG