Rəsul Cəfərovun məhkəməsi başlayır

Rəsul Cəfərov (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası təyin edilib. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq. Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

Müdafiə tərəfi ittihamı əsassız hesab edir və məhkəmədən Cəfərova bəraət verilməsini istəmək niyyətindədir.

“Demokratiya Naminə İncəsənət” hüquq müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 2014-cü il oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb.

Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.