Noyabrın 3-də Bakının Səbail rayon Məhkəməsində Zaur Əliyevin sədrliyi ilə həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun Bank Respublika SC-yə qarşı iddiasına baxılması yekunlaşıb. Məhkəmə iddianı təmin etməyib.
İddiaya səbəb hüquq müdafiəçisinin bank hesabına həbslə bağlı məhkəmə qərarı qəbul edilməzdən əvvəl bankın onun kartında olan pulundan istifadəyə blok qoyması olub.
Belə ki, 2013-cü il iyulun 6-da Kiyevdə xidməti ezamiyyətdə olan Cəfərov oteldə ödəniş etmək üçün bank kartından istifadə edə bilməyib. Hesabların dondurulması haqqında məhkəmə qərarı isə iyulun 7-də qəbul edilib.
Cəfərov hesab edir ki, bank onun qarşısında müştəriyə xidmət öhdəliklərini yerinə yetirməyib, ona mənəvi və maddi ziyan vurub.
Cəfərov cavabdehdən maddi ziyana görə 100 manat və mənəvi ziyana görə 10 min manat təzminat tələb edir.
Lakin məhkəmə cavabdehin xeyrinə qərar çıxarıb, iddianı təmin etməyib.
Cəfərov apellyasiya şikayəti vermək niyyətindədir.
Hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib. O, ittihamları qəbul etmir. Oktyabrın 23-də məhkəmə Cəfərovun həbs müdətini daha 3 ay uzadıb.
Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.