Accessibility links

Rəsul Cəfərov: Hakimiyyəti vətəndaş cəmiyyəti fəallarını azadlığa buraxmağa çağırıram


Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)
Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov 10 dekabr “Beynəlxalq İnsan Haqları” günü münasibəti ilə icttimaiyyətə təbrik mesajı göndərib.

Təbrikdə deyilir:

“10 dekabr - Ümumdünya İnsan Haqları Günü münasibəti ilə hamını təbrik edirəm. Ölkədə insan haqlarının vəziyyətinin hazırkı durumu hamıya aydındır. Vətəndaş cəmiyyətinin gücləndirilməsindən tutmuş, siyasi məhbusların və eyni zamanda Qarabağda əsir düşmüş həmyerlilərimizin azadlığa buraxılmasına qədər çətin, lakin şərəfli fəaliyyətin həyata keçirilməsinə böyük ehtiyac var.

Ukraynada baş verən hadisələr (etirazlar insan haqlarını məhdudlaşdıran qanun qəbul edildiyi üçün şiddətləndi), o cümlədən ABŞ-dakı son etirazlar (müəyyən problemin olması prezident Obama tərəfindən etiraz olundu) bir daha sübut etdi ki, insan haqları ilə bağlı problemlərə diqqətlə yanaşılmalı, problemlər inkar edilməməli, əksinə onların həllinə nail olunmalı, bu problemləri dilə gətirən şəxslər “düşmən” deyil, həmin problemlərin həll edilməsini istəyən xoşməramlı şəxslər kimi qəbul edilməlidirlər.

Bu hadisələr həm də onu sübut etdi ki, insan haqları məsələsi hər bir ölkənin daxili işi deyil. Beynəlxalq insan haqları ictimaiyyətinin (Azərbaycan QHTl-ləri və hüquq müdafiəçiləri daxil olmaqla) bu məsələlərə münasibət bildirərək həllinə çağırış etməsi və ictimaiyyətin tərkib hissəsi olan donorların xoşməramlı layihələrə qrant və ianələr ayırması tam legitim və bəşəriyyətə xidmət edən fəaliyyətdir.

Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti fəallarını azadlığa buraxmağa çağırıram. Yalnız bu yolla vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında real dialoq yarana, nəticədə də bu dialoq mövcud problemlərin həllinə gətirib çıxara bilər”.

Hüquq müdafiəçisi ev dustaqlığına buraxılması üçün də müraciət edib

Belə ki, Rəsul Cəfərov dekabrın 8-də ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət edib və onun şikayətinə 10 dekabr insan haqları günündə baxılacaq.

Rəsul Cəfərov avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Oktyabrın 23-də onun həbs müddəti daha 3 ay uzadılıb.

Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG