Hüquq müdafiəçisi Rəsul Cəfərov azadlığa buraxılması ilə bağlı İlham Əliyev və Zakir Qaralova müraciət edib.
Rəsul Cəfərovun Facebook səhifəsində yayılan müraciətdə deyilir:
Hüquq müdafiəçisi Rəsul Cəfərov oktyabrın 14-də Prezident İlham Əliyevə müraciət edərək indiyə qədər hüquq müdafiə fəaliyyətini güclü və firavan Azərbaycan üçün həyata keçirdiyini və bundan sonra da eyni məqsədə nail olmaq üçün daha əzmlə, daha doğru, daha düzgün, daha şəffaf və geniş dialoq şəraitində davam etdirəcəyini bildirib.
Müraciətdə o da qeyd edilib ki, hüquq müdafiəçisi hələ həbsindən əvvəl istintaqın obyektiv aparılması üçün zəruri addımları atıb, bununla belə həbsdən azad edilməsinin İlham Əliyevdən asılı olduğunu dərk edərək Prezidentdən azadlığa buraxılmasına sərəncam verməsini xahiş edib.
Eyni zamanda Rəsul Cəfərov 15 oktyabr tarixində Baş Prokuror Zakir Qaralova da müraciət ünvanlayaraq avqustun 2-də seçilmiş həbs qətimkan tədbirinin yekunlaşması ilə əlaqədar ən azından ev dustaqlığına buraxılması ilə bağlı istintaq orqanına göstəriş verməsini xahiş edib.
Cəfərov müraciətdə istintaqdan yayınmadığını, zəruri ifadə və sənədləri təqdim etdiyini, daimi yaşayış yeri olduğunu və fəaliyyətinin məlum olduğunu qeyd edərək həbsdə saxlanılması üçün heç bir ciddi əsasın olmadığını qeyd edib.
Hüquq müdafiəçisi bildirib ki, o hüquq müdafiəçisi kimi həbsindən də əvvəl istər İlham Əliyevə, istərsə də digər rəsmi şəxslərə çoxsaylı müraciətlər ünvanlayıb. Bu müraciətin hazırda həbsdən göndərilməsi və məhz İlham Əliyev tərəfindən azadlığa buraxılmasına çağırış ittihamların siyasi motivli olduğunu bir daha sübut edir.
R. Cəfərov onu da qeyd edib ki, əgər onun azadlığa buraxılması üçün bu müraciət lazım idisə o bu müraciəti etdi, artıq cavab vermək qarşı tərəfin öhdəliyindədir.
"Yerli və beynəlxalq ictimaiyyətin marağını nəzərə alaraq xüsusilə qeyd etmək istəyirəm ki, bu müraciət nə əfv ərizəsidir, nə də indiyə kimi həyata keçirdiyim layihələrə görə heç bir peşmançılıq mövqeyini əks elətdirmir. Müraciətdə qeyd etdiyim kimi bir daha bəyan edirəm ki, indiyə qədər fəaliyyətim firavan və güclü Azərbaycanı, onun insanı uğrunda olub və bundan sonra da fəaliyyətimi sırf bu istiqamətdə davam etdirəcəyəm", -deyə Cəfərov bildirib.
Qeyd edək ki, avqustun 2-də seçilmiş həbs qətimkan tədbiri sona yaxınlaşdığı üçün Rəsul Cəfərov belə müraciət edib və bu müraciətə müsbət cavab verilməyəcəyi təqdirdə Cəfərov bunu ondan qisas almağı davam etdirmək kimi qəbul edəcək və bir daha rəsmi şəxslərə müraciət etməyəcək.